Paşinyan istefa verəcək: ABŞ onu qoruyub saxlaya biləcək? - Politoloqdan İLGİNC İDDİA
Təhlil
20.01.2025 14:45
"Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək".
TodayPress xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib.
Onun sözlərinə görə, belə bir iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib.
"O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Ötən ilin sonuna qədər hakim komandada yer alan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var".
Politoloq qeyd edib ki, Ağazaryan növbədənkənar seçkilərin keçirilməsi üçün başqa səbəblərin də olduğunu deyib, lakin təfərrüatları açıqlamayıb. Ehtimal ki, o, "başqa səbəblər" dedikdə məhz xarici amilləri nəzərdə tutub. Ancaq bu məsələdən ehtiyat edərək çox danışmayıb. Maraqlıdır ki, elə həmin gün ABŞ və Ermənistan arasında "strateji tərəfdaşlıq" haqqında saziş imzalanıb. Bu sazişlə Ermənistan faktiki olaraq ABŞ-nin himayəsi altına keçdiyini bəyan edir. Belə bir anda ölkədə növbədənkənar seçkilər haqqında bəyanatın yayılması isə bir neçə məsələdən qaynaqlana bilər:
"İlk növbədə, Paşinyan Rusiyaya bağlı müxalifəti zərərsizləşdirmək niyyətindədir. Keçmiş hakimiyyət nümayəndələri, Köçəryan-Sarkisyan komandasını tamamilə sıradan çıxarmaq üçün xalq dəstəyinə ehtiyac duyur. Buna görə də seçkini yeniləmək və xalqdan güc alaraq öz işini həyata keçirmək istəyir. İkinci bir məsələ isə Ermənistanın Qərbə doğru inteqrasiya prosesinə Rusiyanın verəcəyi sərt reaksiya ilə bağlıdır. Donald Trampın prezident seçilməsindən sonra Ukraynada müharibənin dayandırılması ehtimalı böyükdür. Bundan sonra Rusiya diqqətini özünə qarşı çıxmış Ermənistana yönəldəcək. Paşinyan bunu yaxşı bilir".
Analitikin qənaətincə, Moskva Ermənistana birbaşa müdaxilə etməyəcək, "yumşaq güc siyasəti"dən istifadə edəcək. Daxildə Rusiyaya bağlı xeyli siyasi qüvvə var. Onların fəallaşdırılması və bu qüvvələrdən istifadə edilərək daha mütəşəkkil müxalifət hərəkatı yaradılması da mümkündür. Xüsusilə son zamanlar Rusiyadakı erməni iş adamlarının ictimai fəallığı artırması da bu prosesdən xəbər verir. Paşinyan həm də bu vəziyyətin qarşısını almaq üçün seçkini qabağa çəkə bilər.
"Rusiya ilə münasibətlərin pozulması fonunda Ermənistan iqtisadiyyatını çətin günlər gözləyir. Tramp komandası artıq xaricə yardımları azaldacağını bəyan edib. Paşinyan hökuməti ehtiyyat edir ki, ABŞ-nin ayırdığı maliyyə yardımları Ermənistanda pisləşməkdə olan iqtisadi vəziyyəti dirçəltmək üçün kömək etməsin. Buna görə də erməni hökuməti vəziyyət daha da pisləşənə qədər seçkiləri qabağa çəkmək taktikasına əl ata bilər. Paşinyan eyni zamanda Qərbə özünü demokratik lider kimi göstərmək və inteqrasiya prosesini daha da sürətləndirmək üçün də bu yoldan istifadə edə bilər".
Zeynal Əmrəliyev bildirib ki, hazırda Ermənistan hökumətində Baş nazirin dəyişdirilməsi məsələsi də geniş müzakirə edilir. Seçkidən sonra yeni qurulacaq hökumətə rəhbərlik üçün əsas adı çəkilən şəxslər Baş nazirin həyat yoldaşı Anna Akopyan, Xarici İşlər naziri Ararat Mirzoyan, parlamentin sədri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın adları çəkilir:
"Ancaq Paşinyanın siyasi həyatda ardıcılı olması və Baş nazirdən sonra iqtidar komandasında faktiki ən nüfuzlu şəxs olması səbəbindən Ararat Mirzoyanın hökumətə rəhbərlik etmək şansı digərlərindən daha çox görünür. Yeni seçkilər ABŞ-nin nəzarəti altında və şübhəsiz ki, onun maraqlarına uyğun şəkildə təşkil ediləcək. Seçkidən sonra qurulacaq hökumətdə də Vaşinqtona yaxın şəxslərin üstünlük qazanması gözləniləndir" deyə o nitqini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Xarici Siyasət, Azərbaycan ,Ermənista,ABŞ,Təhlil,todaypress.az,