Parisdən Kiyevə “uzanan əl”: “Mirage 2000” Ukrayna səmasında nəyi dəyişəcək? - ŞƏRH

Təhlil

06.02.2025 18:07

1229

“Mirage 2000” təyyarələri Ukrayna müharibəsində hər hansısa dəyişiklik yarada bilməyəcək”. 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bunu Fransanın “Mirage 2000” təyyarələrini Ukraynaya təhvil verməsi barədə Todaypress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, artıq bəzi Avropa dövlətləri öz silahlanmasından “Mirage 2000”i çıxarıb: 

“Fransız qırıcısı əslində o qədər də effektli təyyarə deyil. Sürətli olsa da, bugünkü yeni nəsil "F-16", "Su-27", "Su-29", "MiG-30" və digər təyyarələrdən geri qalır. Hazırda Ukraynada hava müdafiəsi qüvvələrində daha çox "F-16"lardan istifadə olunur. "F-16"ların ötürücü stansiyalarda radara düşmə ehtimalı da olduqca azdır. Yəni hava hücumundan müdafiə sistemləri bu qırıcıları aşkar etməkdə çətinlik çəkir. "Mirage 2000" təyyərələri isə köhnə sistemlə işləyir. İnanmıram ki, onlar müharibəyə hər hansısa töhfə verə bilsin. Buna görə də münaqişə səhnəsində heç bir ciddi dəyişiklik olmayacaq”. 

Ekspert iddia edir ki, Fransa arsenalında olan köhnə təyyərələri təmizləmək üçün onları Ukraynaya verir. Hətta vaxtilə Fransa “Mirage 2000”i bəzi Afrika ölkələrinə təklif etsə də, onlar bundan imtina ediblər. Buna görə də Ukrayna bu təyyarələr vasitəsilə müharibəni öz xeyrinə çevirə bilməyəcək. 

Qeyd edək ki, ilk "Mirage" qırıcıları Fransadan Ukraynaya göndərilib. 

Töhfə Səməd

tag: Ukrayna,Fransa ,Mirage,Qırıcı,Todaypress.az,

photo