Orxan Həsənoğlu: “Bu, Türk Dünyasının inteqrasiyasına töhfə verəcək”

Təhlil

21.04.2025 19:04

16

“Azərbaycan, digər türk dövlətlərindən fərqli olaraq, uzun illərdir ki, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi çıxış edir”. 

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyətinin Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu mövqenin əsasını 2012-ci ildən etibarən ŞKTC-də fəaliyyət göstərən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyəti qoyub. Təşkilat müxtəlif elmi, ictimai və mədəni tədbirlərlə rəsmi Bakı adına Kiprdə mühüm təmsilçilik missiyasını yerinə yetirir.

“Azərbaycan hazırda ŞKTC-də yeganə türk dövləti olaraq diaspor təşkilatına malikdir. Adada təxminən 20 min türkmən, 3 mindən artıq qazax, 2 minə yaxın özbək və qırğız yaşasa da, onların hər hansı ictimai təşkilatlanması yoxdur. Bu fakt bir daha sübut edir ki, Azərbaycan ictimai təsisat və diaspor fəaliyyəti baxımından Şimali Kiprdə unikal mövqe tutur”.

Cəmiyyət rəhbəri bildirib ki, Azərbaycan–Şimali Kipr əlaqələri bu gün tamamilə ictimai əsasda qurulub və xalq diplomatiyası formatında inkişaf etdirilir:

“İki ölkə arasında qarşılıqlı münasibətlər, dostluq və əməkdaşlıq ruhunda davam etdirilir. Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyəti olaraq bu sahədə mühüm körpü rolunu oynayırıq. Keçirdiyimiz tədbirlər, görüşlər və təşəbbüslər qarşılıqlı anlaşmanın və gələcək rəsmi əlaqələrin bünövrəsini qoyur”.

O. Həsənoğlunun fikrincə, Azərbaycanın və ŞKTC arasında rəsmi diplomatik münasibətlərin qurulması real və yaxın gələcəkdə mümkün olan prosesdir:

“Biz inanırıq ki, uzun müddət keçmədən Azərbaycanla Şimali Kipr arasında diplomatik münasibətlərin əsası qoyulacaq. Bu gün ortada olan ictimai və mədəni münasibətlər, sabahın rəsmi diplomatik əlaqələrinin təməlini təşkil edir”.

O, əlavə edib ki, gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyi və bu əlaqələrin Türk Dünyasının inteqrasiyasına töhfə verəcəyi gözlənilir.

Töhfə Səməd

tag: Azərbaycan,Şimali Kipr ,Türk Cümhuriyyəti,Dostluq Cəmiyyəti,Orxan Həsənoğlu,todaypress.az,