“Onlar Azərbaycanın şərtlərini qəbul edəcəklər” - Ramiz Yunus sülh sazişindən danışdı

Təhlil

31.07.2024 18:30

“Ermənistan Azərbaycan arasında yekun sülhün imzalanması barədə danışmaq hələ tezdir”.  

Bunu politoloq Ramiz Yunus TodayPress-ə müsahibəsidə deyib.  

Onun sözlərinə görə, qələbə qazanmış tərəf olaraq bizim üçün sülh şərtləri irəli sürmək daha asandır. Ermənistan isə parçalanmış vəziyyətdədir və özünə gəlməsi üçün müəyyən bir müddət lazımdır: 

“Biz sülh müqaviləsini Paşinyanla yox Ermənistan cəmiyyəti habelə Ermənistan dövləti ilə bağlamalıyıq. Bu müqavilənin bünövrəsi elə qoyulmalıdır ki, heç kim sonradan onu dəyişdirə bilməsin. Sabah kimsə ortaya çıxıb deməsin ki, o vaxt kiminsə səhvinə görə müqavilədə nəsə düz qeyd olunmayıb”. 

Politoloq hazırda tərəflər arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan məqamlara da diqqət çəkib. Onun fikrincə, bu yolda  ən birinci problem Ermənistanın konstitusiyasıdır: 

“Azərbaycan tərəfi yaxşı başa düşür ki, Ermənistan cəmiyyəti bu vəziyyətdə olduğu halda Ermənistan konstitusiyası referendum vasitəsilə dəyişə bilməz. Ona görə yekun sülh üçün vahid  yol xəritəsi kimi bir sənəd hazırlanmalıdır. Sabah onun əsasında da həqiqi bir sülh müqaviləsi imzlaya bilərik. Bu hansısa formada Azərbaycanı qane edəcək şəkildə olmalıdır. Çünki sabah Paşinyan olmasa, başqa biri gəlib deyəcək ki, bunu Paşinyan imzalayıb bu bizim konstitusiyamıza ziddir. Ona görə Azərbaycan tələsməməlidir”. 

Analitikin qənaətincə, Ermənistan tərəfdən hər hansı addım atılsa, o zaman ilin sonuna qədər yekun sülhlə bağlı qərar qəbul oluna bilər:

“İlin sonuna qədər olmasa da, olacaq. Kim tələsir? Burada tələsən tərəf Amerikadır. Çünki ABŞ-nin ümidləri demokratlara bağlı idi. Demokratlarınsa xarici siyasətində bu gün heç bir uğuru yoxdur. Rusiya-Ukrayna, İsrail-Fələstin savaşı, Əfqanıstandakı biabırçılıqdan sonra Bayden hakimiyyəti xarici siyasətinin ayağına bir uğur da yaza bilməz. Ona görə Bayden hakimiyyəti tələsir ki, Azərbaycan-Ermənistan arasında sülh imzalansın, bunu öz uğuru kimi təqdim etsin. Bu onların istəyidir. Bundan bizə nə? Bizə tələm-tələsik bir müqavilə lazım deyil”. 

Politoloq qeyd edib ki, artıq müxtəlif ölkələr bu regionda gedən proseslərdən faydalanmağa çalışır. Onların arasında dünyanın supergücləri Çin, Rusiya, İran, ABŞ, eləcədə Avropa ölkələri də var.

“Bu siyasətdir. Başa düşürlər ki, dost kimdir, düşmən kimdir. Hamı dəyişirsə, Ermənistan-Azərbaycan arasındakı məsələyə münasibət də dəyişəcək. Gec-tez bizim istədiyimiz səviyyədə sülh imzalanacaq. Bunun sübutu Amerika səfirinin Şuşaya səfərdir. Bilirik ki, ABŞ prezidenti olan Cozef Bayden ən ermənipərəst Amerika lideri olub. Bu dörd il ərzində bütün bu hadisələr Bayden administrasiyasının dövründə baş veribsə, BMT-də bizim əleyhimizə bir dənə də olsun qətnamə qəbul edilməyibsə, Konqresdə əleyhimizə bir dənə də olsun qərar qəbul olunmayıbsa, biz istədiyimizi əldə edə bilmişiksə, deməli onlar Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edəcəklər. Erməni cəmiyyəti də onların vasitəsilə bunları qəbul edəcək” deyə Ramiz Yunus bildirib.

Günəş Mərd

tag: Ramiz Yunis, Azərbaycan, Ermənistan, ABŞ,

photo