Okeanın o tayından gələn avaz: “Bu, Kanadanın qeyri-ciddi dövlət olduğunu bir daha göstərdi” – TƏHLİL
Təhlil
03.02.2025 18:17
“Kanadanın Azərbaycana və ya hər hansı ölkəyə irad bildirməsi, çağırışlar etməsi olduqca absurd və gülünc görünür. Çünki ABŞ-nin yeni prezidenti Donald Tramp Kanadanın beynəlxalq nüfuzunu yerlə bir edib”.
Siyasi şərhçi Elçin Xalidbəyli bunu TodayPress-ə danışarkən bildirib.
Analitik hesab edir ki, artıq Kanada dünyada nüfuzu ciddiyə alınacaq dövlət deyil. Kanadanın Xarici İşlər naziri hazırda başqa problemlərlə məşğul olmalıdır. O, Azərbaycanda ağır cinayətlər törədərək ittiham olunan ermənilərin azad edilməsi barədə düşünmək əvəzinə, ölkəsinin gələcəyi barədə düşünməlidir:
“Kanadada cinayət törədilirsə, həmin cinayəti törədən şəxslər Kanada Hüquq Mühafizə orqanları tərəfindən azadlığa buraxılır? Kanada qanunları belə işləyir? Bu suallara Kanada xarici işlər naziri cavab tapmalıdır. Digər tərəfdən, Kanada indi ermənilərin Qarabağa “təhlükəsiz qayıdışı” barədə düşünəcək vəziyyətdə deyil. O, özü sürətlə Amerika Birləşmiş Ştatlarının tərkibinə “təhlükəsiz qayıdış” dövrünə qədəm qoyub”.
Ekspert ABŞ-nin Kanadanı 51-ci ştatı olmağa çağırması barədə də danışıb: “Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp Kanadanı ABŞ-nin 51-ci ştatı olmağa çağırıb. Hazırda Kanadanın xarici işlər naziri bu məsələlərlə məşğul olmalıdır. Hansısa cinayətkarın milli mənsubiyyəti üzərindən siyasi manipulyasiyalar etməyə ehtiyac yoxdur.
“Kanada ABŞ-nin 51-ci ştatı olacaqmı? Kanada ABŞ-nin hər il 100 milyardlarla borc verməyəcəyi təqdirdə mövcudluğunu qoruya bilərmi? kimi suallar Melani Jolini narahat etməlidir. Yəqin ki, o, dövlətinin düşdüyü durumu ifadə edir. Belə anlaşılır ki, Kanada müstəqil və ədalətli xarici siyasət yürütmək qabiliyyətinə malik deyil. Bu dövlətin xarici siyasətini Kanadadakı erməni diasporu istiqamətləndirir. Kanada Azərbaycanla normal münasibətlər qurmaq əvəzinə erməni diasporunun təsiri altında özünü erməni dövləti kimi aparmağa üstünlük verir. Hətta Ermənistandan daha çox erməni dövləti təsiri bağışlayır”.
E.Xalidbəyli sonda qeyd edib ki, bütün bu məsələlər Kanadanın qeyri-ciddi dövlət olduğunu göstərir. Melani Jolinin verdiyi bəyanatlar da heç bir əhəmiyyət daşımır:
“Kanada indi özünü müdafiə etməli olduğu halda ermənilərə himayədarlıq etmək niyyətinə düşüb. Bu, tamamilə absurd, məntiqsiz və heç bir nəticəsi olmayacaq yanaşma tərzidir. Kanada indi öz gələcək taleyi barədə düşünməli, müstəqil qalma potensialının nə qədər olduğunu müəyyən etməyə çalışmalıdır. Əks halda, ABŞ-nin yeni prezidenti Donald Tramp belə Kanadanı həqiqətən də ABŞ-nin 51-ci ştatına çevirə bilər”.
Xatırladaq ki, Kanadanın Xarici İşlər Naziri Melani Joli son çıxışında Azərbaycana qarşı qərəzli bəyanatla gündəmə gəlib. O, Azərbaycanda ağır hərbi cinayətlərdə ittiham olunan erməni vətəndaşlarının “qeyri-şərtsiz azad edilməsi” və ermənilərin Qarabağa “təhlükəsiz qayıdışı” ilə bağlı çağırış edib. Bu bəyanat Kanadadakı Erməni Milli Komitəsi tərəfindən dəstəklənərək, rəsmi Ottavanın diplomatik siyasətinin ikili standartlar və təhrif olunmuş ədalət anlayışı ilə əlaqəli olduğunu vurğulayıb.
Qiymət Mahir
tag: Azərbaycan,Kanada,Analitik,Elçin Xalidbəyli , Donald Tramp, Melani Joli ,Todaypress.az,
![photo](/uploads/news/67a0cfddf05e7.jpg)