“Odla oynayan” Avropa İttifaqı: “Azərbaycanın əleyhinə dosyelər hazırlamaq…” – ŞƏRH
“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlər qarşılıqlı faydaya söykənməlidir”.
Siyasi ekspert Əziz Əlibəyli bunu TodayPress-ə danışarkən deyib.
O, ilk olaraq “Aİ-nin Azərbaycan üçün cəlbediciliyi nədədir?” sualına cavab verib:
“Əvvəla, Aİ iqtisadi məkan kimi kifayət qədər uğurludur. Standartları, tətbiqləri, bəlli idarəetmə sistemi və ən əsası investisiyası var. Bu idarəetmə sistemi sığortadan tutmuş hansısa sosial, maliyyə, fiskal siyasətə qədər mövcuddur. Həmçinin qanunların işləmə mexanizmi baxımından xeyli təcrübə əldə edib, yol qət ediblər. Azərbaycan üçün texnologiyalar, investisiyalar və Aİ standartları cəlbedicidir. Bu mənada Aİ Azərbaycan üçün vacibdir. Ən azından yeni əmək, başqa formada investisiya məkanıdır”.
Analitik hazırda gedən kommunikasiya müharibələrini xatırladıb. O, bildirib ki, bu savaşlar Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi kontekstində üçüncü dünya gücünə çevrilməsi dönəminə təsadüf edib:
“Maraqlıdır ki, Türkiyə və Azərbaycansız Avropa İttifaqının cənub sərhədləri yenidən qurulsa, burda Azərbaycana hansı modullar üzrə öhdəliklər düşəcək? Azərbaycan Ermənistan və Gürcüstandan fərqlidir. Aİ davamlı şəkildə xristian həmrəyliyinə yuvarlanaraq bu iki ölkəni dəstəkləyib, amma müəyyən tarixi məqama çatanda onlardan imtina edib. Avropa İttifaqı artıq səmimi davranmalı və başa düşməlidir ki, Azərbaycan nə Gürcüstan, nə də Ermənistan deyil. Müharibədə qalib gəlmiş, Rusiya ilə münasibətlərin dilini bilən ölkədir. Hətta Aİ və Azərbaycan mühüm tərəfdaşa çevrilərsə, Azərbaycan Aİ-nin cənub sərhədləri boyunca siyasi baxışların korrelyasiyasını həyata keçirə bilər. Bu mənada çox uğurlu ölkə və praktikadan söhbət gedir”.
Ə. Əlibəyli Avropa İttifaqının hazırda böyük risklə oynadığını da istisna etməyib. O, Aİ-nin Ermənistan ərazisində mülki missiya adı altında Azərbaycan əleyhinə dosyelər hazırladığını, Avropa İttifaqı Parlamentində Azərbaycanı hədəfə alan qətnamələr qəbul edildiyini xatırladıb.
“Bunlar Aİ üçün çox ciddi dezavantajlardır” deyə ekspert fikrini sonlandırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini dəyişir.
“Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir” deyə Prezident əlavə edib.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,Politoloq,Şərh,Todaypress.az,
