Nüvə sazişinin bir addımlığında: İran ABŞ ilə razılaşır?
“İranın nüvə razılaşması ilə bağlı məsələ əslində daha geniş geosiyasi maraqların təzahürüdür”.
Politoloq Azad Məsiyev bunu TodayPress-ə danışarkən deyib.
O hesab edir ki, ABŞ-nin uzun illərdir əsas məqsədi İranda öz maraqlarına uyğun bir hakimiyyət qurmaq və ölkəni təsiri altına almaq olub:
“Çünki Ağ Evin uranın zənginləşdirilməsi ilə bağlı irəli sürdüyü iddialar yalnız bəhanədən ibarətdir. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) müraciət edərək nüvə enerjisindən sülh məqsədilə istifadə etdiyini bəyan edib. AEBA-nın ekspertləri İranın müvafiq obyektlərində monitorinqlər aparır və əldə olunan nəticələri beynəlxalq ictimaiyyətlə bölüşür. Buna baxmayaraq, ABŞ bu prosesi inkar edərək, İranın nüvə fəaliyyətlərini bəhanə gətirib nəzarəti özünün etməsini istəyir. O zaman sual yaranır ki, əgər AEBA kimi nüfuzlu beynəlxalq qurum bu sahədə nəzarət həyata keçirirsə, ABŞ-nin ayrıca müdaxilə iddiası hansı məntiqə uyğundur?”.
Analitikin fikrincə, ABŞ dünyada özünü bir növ “jandarm” kimi aparır və digər ölkələrin daxili işlərinə müdaxilə etmək haqqını özündə görür. Bu, beynəlxalq hüququn prinsiplərinə ziddir.
Lakin buna baxmayaraq, Vaşinqtonun əsas hədəfi İranın daxili siyasi sistemində dəyişiklik edərək bölgədəki strateji maraqlarına uyğun bir hakimiyyət formalaşdırmaqdır. Bu maraqlar isə üç əsas istiqamətdə cəmləşir:
“İlk sırada Çinlə rəqabət məsələsi dayanır. Çünki İranın xam neftinin böyük hissəsi, demək olar ki, 70-75% Çinə ixrac olunur. ABŞ isə bu enerji axınını məhdudlaşdırmaqla Çini zəiflətmək istəyir. Bundan başqa, ABŞ, Rusiyanın Cənub cinahını, yəni İran üzərindən Hind okeanına çıxışını bağlamaq istəyir. Bu, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin qarşısını almağa yönəlib. Üçüncüsü isə Türk dövlətləri məsələsidir. Belə ki, İranın yerləşdiyi strateji mövqe ABŞ üçün regionda güclənən Türkiyəyə qarşı əngəl kimi istifadə oluna bilər. Vaşinqton, İran vasitəsilə Türk dövlətləri arasında formalaşan birliyin qarşısını almağı hədəfləyir”.
Politoloq hesab edir ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi bu siyasət birqütblü dünya nizamının saxlanılması məqsədini güdür. Amerika güc mərkəzi kimi hərəkət edərək, “gücün hüququ” prinsipini tətbiq etməyə çalışır və bu çərçivədə İranı öz iradəsinə tabe etdirmək istəyir.
“Nüvə məsələsi yalnız bu böyük planın bir hissəsidir və əsl məqsəd geosiyasi üstünlüyün qorunmasıdır. ABŞ İranı yalnız onun nüvə fəaliyyətinə görə deyil, bölgədə müstəqil və ABŞ-dən asılı olmayan siyasət yürütməyə çalışdığı üçün hədəf alır”.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio İranla nüvə razılaşmasının şərtlərindən birini açıqlayıb.
O bildirib ki, əgər Tehran dinc nüvə sazişi istəyirsə, beynəlxalq ekspertlərlə yanaşı, amerikalıların da əraziyə daxil olmasına icazə verməlidir. İran ilk növbədə ABŞ müfəttişləri üçün şəraiti təmin etməlidir.
Töhfə Səməd
tag: Azad Məsiyev,Politoloq,ABŞ,İran,Todaypress.az,
