Netanyahunun baş tutmayan səfəri: Məsələ yenidən aktuallaşa bilər…

Təhlil

05.05.2025 16:35

32

“İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə düşməsinin əsas səbəbi Türkiyənin hava məkanını İsrailə bağlamasıdır”.

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə açıqlamasında deyib.

O izah edib ki, Fələstin, Suriya və Livanda keçirdiyi əməliyyatlardan sonra Türkiyə öz hava məkanını İsrailə bağlayıb:

“Hökümət rəsmiləri də Türkiyə üzərindən uçuşlar həyata keçirə bilmirlər. Nəzərə alaq ki, İsrailin İranla da arası pisdir, onun hava məkanından da istifadə edə bilmir. Cənub tərəfdən husilər sürətli şəkildə İsrail və ABŞ-nin təyyarələrini hədəfə alırlar. Belə olan halda ən təhlükəsiz hava məkanı Türkiyəninki idi. Bu səbəbdən səfər mümkünsüz oldu. 

Analitikə görə, İsrailin son zamanlarda druzlara dəstək adı altında həyata keçidiyi əməliyyatlar, həmçinin Livanda və Fələstində, xüsusilə də Qəzza bölgəsində apardığı əməliyyatlar regionda böyük gərginliyə səbəb olur:

“Türkiyə bütün metodlarla İsraili bu əməliyyatlardan çəkindirməyə çalışır. Gələcəkdə Türkiyə və İsrail arasındakı münasibətlər normallaşandan sonra İsrail hökümət rəsmilərinin Azərbaycana səfəri məsələsi yenidən aktuallaşa bilər. Azərbaycan bu münasibətlərin normallaşması üçün hər zaman çalışıb, bundan sonra da çalışacaq”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu regionda baş verən hadisələrlə əlaqədar mayın 7-11-nə planlaşdırılan Azərbaycana səfərini təxirə salıb.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Netanyahu,Səfər,Todaypress.az,

photo