Netanyahunun ABŞ səfəri: Qəzzanın taleyi həll olunacaq?
“İsrail Baş naziri Benyamin Netanyahunun Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Qəzza bölgəsindəki son hadisələr və ümumilikdə İsrail-Ərəb qarşıdurması müzakirələrin əsas mövzusu olacaq”.
Siyasi şərhçi Azər Həsrət bunu TodayPress-ə açıqlamasında bildirib.
Analitik hesab edir edir ki, bu məsələlər ABŞ üçün də prioritetdir.
“Hadisələrin ümumi inkişafına nəzər salsaq, İsrail-Suriya münasibətləri, həmçinin Suriyada qardaş Türkiyənin mövcudluğu və İsrailin bu prosesdəki mövqeyi də gündəmdə olacaq və olmalıdır”.
Ekspert Netanyahunun ABŞ-yə səfərinin təkcə region üçün deyil, bütün dünya üçün diqqətçəkici olduğunu vurğulayıb:
“Bu, diqqətlə izlənilən səfərdir. İstərdik ki, bu müzakirələr bölgəyə sülh və qarşılıqlı anlaşma gətirsin. Xüsusilə də Suriya məsələsində. Çünki oradakı gərginlik artarsa, birbaşa və dolayısı yollarla Azərbaycana da təsir edəcək”.
A.Həsrət əlavə edib ki, Azərbaycanın regiondakı sabitliyə marağı təkcə öz təhlükəsizliyi ilə deyil, strateji tərəfdaş olan Türkiyə ilə də bağlıdır:
“Suriyadakı gərginlik qardaş Türkiyəyə ciddi problemlər yaradır. Türkiyənin problemi isə eyni zamanda Azərbaycanın da problemidir. Bu baxımdan, Netanyahunun səfərində müzakirə ediləcək məsələlər bizi də maraqlandırır”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 7-də Ağ Evə səfər edəcək.
O, ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Qiymət Mahir
tag: Azər Həsrət,Politoloq,ABŞ,İsrail,Qəzza,Netanyahu,Todaypress.az,
