NATO real addımlara sürüklənir: "Avropa silahlanana kimi Rusiya işğalı genişləndirəcək": SENSASİON AÇIQLAMA

Təhlil

03.03.2025 13:38

2335

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Londonda Ukrayna ilə bağlı sammitdə bildirib ki, təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik. Bu sözləri illərdir eşidirik, ortada isə heç bir hərəkət yoxdur".          

TodayPress xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz “Facebook”  hesabında yazıb.

O hesab edir ki, Avropa liderləri və NATO illərdir ki, bu istiqamətdə real addım ata bilməyiblər:  

"Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən sonra isə 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri elə hey “təcili silahlanmalıyıq” deyirlər. ABŞ prezidenti Donald Trampı bəyənməsək belə, o hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, ABŞ əvvəlki kimi Avropanın təhlükəsizlik yükünü daşımaqda davam edəcək. Tramp isə bu dəfə açıq deyib ki, başınızın çarəsinə baxın". 

Politoloqun fikrincə, Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq.      

"Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək. Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dən pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb onu Ukraynaya təhvil verməkdir. Pulgir Tramp buna razılaşacaq" deyə E. Şahinoğlu fikrini yekunlaşdırıb.   

Türkan İsgəndərli

tag: Avropa Komissiyası,Ursula fon der Lyayen,Ukrayna ,Elxan Şahinoğlu,Rusiya,todaypress.az,