Müharibənin 1000-ci günü: Rusiya və Ukrayna savaşı nə ilə yadda qaldı?
Təhlil
19.11.2024 17:30
Rusiya-Ukrayna müharibəsi artıq 1000-ci günü geridə qaldı.
TodayPress xəbər verir ki, bu, İkinci Dünya Müharibəsindən sonra Avropanın ən ölümcül münaqişəsi hesab olunur.
31 avqust 2024-cü il tarixinə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ukraynada azı 11 min 743 mülki şəxsin öldürüldüyünü və 24 min 614 nəfərin yaralandığını sənədləşdirib. Ukrayna prokurorluğu 2024-cü il noyabrın 14-nə kimi 589 ukraynalı uşağın öldürüldüyünü bildirib.
Qərb ölkələri hesab edir ki, Rusiya Ukraynadan daha çox itki verib. Lakin Rusiya əhalisinin təxminən üçdə birinə sahib olan Ukrayna, gələcəkdə daha çox işçi qüvvəsi çatışmazlığı ilə üzləşəcək. “BBC Mediazona” isə iddia edir ki, müharibə başladığı gündən bu yana 70 mindən çox Rusiya əsgəri öldürülüb.
Rusiya əsasən Donbasda intensiv döyüşlərdə öz nəzarətini yavaş-yavaş genişləndirib. Ukrayna isə avqust ayında Rusiya ərazisinə ilk genişmiqyaslı hücuma başlayıb və Rusiyanın qərbindəki Kursk vilayətinin bir hissəsini ələ keçirib.
“Rusiya-Ukrayna müharibəsi artıq 3-cü ilini tamamlamaq üzərədir. Hazırda Ukraynanın demək olar ki, 20 faizi işğal altındadır”.
Bunu TodayPress-ə danışan politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, yaşayış məntəqələri, infrastruktur ciddi zədə alıb. Xüsusilə də, Ukraynanın orta və şərq hissələrində enerji, inzibati və yaşayış binaları, eləcə də digər infrastrukturlar darmadağın edilib. Ölkə 10 milyona yaxın qaçqın dalğası ilə üzləşib. Əhalinin sosial-iqtisadi vəziyyəti isə olduqca ağırdır:
“Lakin hazırda müharibənin yaxın gələcəkdə sonlanacağına ümid etmək olduqca çətindir. Çünki hər iki tərəf öz həqiqətlərindən üz döndərmək və ya güzəştə getmək istəmir”.
Politoloq Samir Hümbətovun fikrincə, isə bu müharibədə tək qalib tərəf silah-sursat satan ölkələrdir:
“Müharibə başlayan gündən bu yana bir sıra qrupların savaş vasitəsilə varlandığını müşahidə edirik. Rusiya-Ukrayna tərəfləri isə sadəcə maliyyə qüvvəsini itirir. 2025-ci ilin büdcəsində Rusiya orduya ayrılan büdcəni 130-140 milyon dolların üzərinə çıxarmağı planalşdırır. Ukraynada da oxşar vəziyyət sezilməkdədir”.
Qeyd edək ki, 2025-ci il büdcə layihəsində Ukraynanın Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 26%-nin və ya 53,3 milyard dolların müdafiə xərclərinə ayrılması nəzərdə tutulur.
Bununla yanaşı, “Reuters” iddia edir ki, Ukrayna dövlət gəlirlərinin böyük hissəsini müdafiəni maliyyələşdirməyə sərf edir. Buna görə də pensiyaları, dövlət sektorunun maaşlarını və digər sosial xərcləri ödəmək üçün Qərb tərəfdaşlarının maliyyə yardımına arxalanır. Parlamentin büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib ki, davam edən döyüşlər gündəlik olaraq Kiyevə təxminən 140 milyon dollara başa gəlir.
Yenidənqurma və bərpa işlərinin ümumi dəyəri Dünya Bankı və Ukrayna hökuməti tərəfindən ötən ilin dekabr ayının sonuna 486 milyard dollar dəyərində qiymətləndirilib. Ukrayna İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu rəqəm 2023-cü ildə Ukraynanın nominal ümumi daxili məhsulundan 2,8 dəfə çoxdur.
Bundan başqa, Ukrayna dünyanın əsas taxıl ixrac edən ölkələrindən biridir. Məhsulun xarici bazara çıxarılmasının müharibənin əvvəlində dayandırılması qlobal ərzaq böhranını daha da artırıb.
Xatırladaq ki, Ukrayna artıq Qərb tərəfdaşlarından 100 milyard dollardan çox maliyyə yardımı alıb.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna, Müharibə, Dünya, Qərb, Maliyyə, todaypress.az,