“Müharibə Krımda başlayıb, Krımda da bitəcək” - Odessa vilayətinin sabiq vitse qubernatorundan ÖZƏL AÇIQLAMA
Təhlil
16.09.2024 11:24
“Ukrayna Rusiyanın yeni hücumunun qarşısını almaq məqsədi ilə Kurskda əməliyyat keçirtdi”.
Bu fikri TodayPress-ə açıqlamasında Odessa vilayətinin sabiq vitse qubernatoru Roman Qriqorişin deyib. Kursk əməliyyatını uğurlu hesab edən müsahibimiz, bunu özünü müdafiə əməliyyatı adlandırıb. Onun sözlərinə görə, məqsəd təhlükəsizlik zonası yaratmaq, Rusiya Federasiyasının ərazisindən atəşə tutulmasını dayandırmaq, Sumı vilayətində mülki obyektləri qorumaqdır:
“Əvvəla onu deyim ki, bu müharibəni biz başlatmadıq. Sərhədyanı bölgədəki yaşayış məntəqələri daim kütləvi hücumlara məruz qalırdı. Rus ordusu müxtəlif tipli raket və artileriya zərbələri ilə infrastrukturu dağıdır, dinc sakinləri qətlə yetirirdi. Bunun nəticəsində hazırda Sumi kimi böyük şəhərdə demək olar ki, həyat yoxdur. Bu vəhşiliyin qarşısını almaq və onlara layiqli cavab vermək bizim haqqımız idi. Düşünürəm ordumuzun reallaşdırdığı bu uğurlu əməliyyat ilə Rusiya ordusundakı problemləri və onların zəif nöqtələrini, eləcə də rusların məğlubedilməz olmadıqlarını bütün dünyaya nümayiş etdirdik”.
Roman Qriqorişinin fikrincə, Kursk əməliyyatı zamanı çox sayda hərbçi əsir götürülüb ki, bu da gələcəkdə onların Rusiyada əsirlikdə olan ukraynalı əsgərlərlə dəyişdirilməsində istifadə ediləcək. ABŞ prezidentliyinə namizəd Donald Trampın sülh planından söz açan sabiq vitse qubernator gözləntilərini bu cür ifadə etdi:
“Məncə ABŞ prezidentliyinə namizədlərin hər ikisinin - Kamala Haris və Donald Trampın Ukraynadakı münaqişəni sonlandırmaqla bağlı sülh planı var. Onlar nədən ibarətdir biz bilmirik. Düşünürəm, Tramp ilk növbədə Rusiya və Ukraynaya təzyiq göstərməklə, hər iki tərəfi masa arxasında oturtmağa cəhd edəcək. Bundan sonra tərəflər öz aralarında müəyyən güzəştlərə getmək haqqında qərar qəbul edəcəklər. Biz sonadək ədalətli sülhün bərqərar olması üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, Kamala Harris Rusiya ilə birbaşa münaqişəyə yol vermədən Ukraynaya kömək etməyə davam edəcəyini və NATO müttəfiqləri ilə birliyi qoruyacağını deyib. ABŞ-nin 45-ci prezidenti Donald Trampın planı isə Rusiya ilə Ukrayna arasında hazırkı demarkasiya xətti boyunca demilitarizasiya zonasının yaradılmasını, habelə Rusiyanın Ukraynanın neytral statusuna təminatının verilməsini nəzərdə tutur. Bu zaman Rusiya ilə Ukrayna arasındakı demarkasiya xətti demilitarizasiya zonasına çevriləcək. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq. Rusiya isə Ukraynadan NATO və bu qəbildən olan digər müttəfiq qurumlarla bitərəflik və qoşulmamaq zəmanəti alacaq.
Günəş Mərd
tag: Rusiya ,Ukrayna ,NATO ,Harris ,Kursk, Odessa ,Roman Qriqorişin , todaypress.az,