Moskvanın Kiyevdən tələbləri artır: “Ya Zelenski hakimiyyətdən gedəcək, ya da...” – ŞƏRH

Təhlil

28.03.2025 15:04

1942

“Vaşinqton üçün Rusiyanın hərbi gücü, Çinin iqtisadi potensialı və Avropa İttifaqının valyutası olan avronun gücü əsas təhdidlərdir”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev bunu TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, Amerikanın istəyi münaqişəni Avropa ölkələrinin üzərinə atmaqdır. 

“Hazırda Avropa bu münaqişədə iqtisadi və hərbi baxımdan Ukraynaya dəstək verməklə Rusiya ilə açıq qarşıdurmaya sürüklənir. Burada faktiki NATO-Rusiya savaşı gedir, Ukrayna sadəcə bir poliqona çevrilib. Nəticədə, Avropa iqtisadiyyatı zəifləyəcək və bu, avronun dünya bazarından çıxmasına səbəb ola bilər. Rusiya Ukrayna münaqişəsində hərbi, siyasi və iqtisadi baxımdan üstünlük əldə edib və buna görə də öz şərtlərini diktə edir. Moskva Ukraynanın neytral statusda olmasını və prezident Volodimir Zelenskinin hakimiyyətdən getməsini tələb edir. Əks halda, Rusiya tutduğu ərazilərdən geri çəkilməyəcək”.   

O, hesab edir ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını məhdudlaşdırmaqla Rusiyanın şərtlərini qəbul etdirmək istəyir.  Politoloqun sözlərinə görə, bu münaqişə qlobal iqtisadi və siyasi sistemə ciddi təsir göstərib. Xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalar Almaniya və Fransanın sənaye sektoruna mənfi təsir edib.   

“Münaqişə qısa müddətdə həll olunmayacaq və Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərmək planları müharibənin daha da gərginləşməsinə səbəb olacaq”. 

Onun sözlərinə görə, Trampın atdığı addımlar daha çox siyasi görüntü xarakteri daşıyır. Artıq Böyük Britaniya, Fransa öz hərbi kontingentini Ukraynaya yeritmək istəyir. Bu isə birbaşa Avropa və NATO blokunun de-yure münaqişədə iştirakı deməkdir.   

Türkan İsgəndərli

tag: Azad Məsiyev,Politoloq,Rusiya,NATO,Ukrayna,Todaypress.az,

photo