Moskvada üçtərəfli görüş niyə baş tutmadı? - Deputat Ermənistanın siyasi hoqqabazlığından danışdı
Təhlil
09.10.2024 17:00
“Laçın şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı olacaq. Bu bir baha onu göstərdi ki, MDB ölkələrinin Azərbaycana, onun təhlükəsizliyinə etimadı sonsuzdur. Bu isə Ermənistan üçün böyük bir mesaj idi”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov oktyabrın 8-də baş tutan MDB Dövlət Başçıları Şurasının iclasını TodayPress-ə şərh edərkən deyib. Onun sözlərinə görə, Laçınla yanaşı, 2025-ci ildə Gəncə şəhəri də MDB-nin paytaxtına çevriləcək.
“Gəncə MDB oyunlarına ev sahibliyi edəcək. Bu isə MDB məkanında Azərbaycanın siyasi çəkisinin böyüklüyündən xəbər verir və özündə böyük bir siyasi mənanı ehtiva edir. Odlar Yurdunun iki şəhərinin paytaxt kimi seçilməsi, həm də Azərbaycan dövlətinə, onun siyasi liderinə olan ehtiramın ifadəsidir”.
Deputat bildirib ki, Dövlət Başçıları Şurasının iclasında faşizm üzərində qələbənin 80 illiyi və Avrasiyada təhlükəsizliyin təminatı ilə bağlı vədlər, ölkələrin bir-birinin daxili işlərinə qarışmama prinsiplərinə sədaqəti kimi məsələlər müzakirə olunub. Parlamentari Moskvada üçtərəfli görüşün baş tutmama səbəblərindən də danışıb:
“Rusiya prezidentinin köməkçisi Yuri Uşakov öncədən bildirmişdi ki, Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçirilə bilər. Lakin bu baş tutmadı. Daha sonra Uşakov açıqlama verərək burada Rusiyanın heç bir məsuliyyət daşımadığını qeyd etdi. Şübhəsiz ki, görüş Ermənistanın siyasi hoqqabazlığı ucbatından baş tutmadı. Nəzərə alsaq ki, Moskva görüşündən bir neçə gün öncə Paşinyan Parisə səfər etmişdi. Elə Makrondan aldığı təlimatlar əsasında da Moskvaya gəlmişdi. Eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Polşaya getmiş və orada Təhlükəsizlik Forumunda iştirak edərək, Azərbaycan əleyhinə əsassız ittihamlarla çıxış etmişdi. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhdən danışsa da, baş tutmaması üçün əlindən gələn hər şeyi edir”.
Elman Nəsirov sonda vurğulayıb ki, bütün baş verənlər fonunda Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edir. İkitərəfli münasibətlərimiz 2022-ci ilin fevral ayından başlayaraq müttəfiqlik səviyyəsinə yüksəlib.
Töhfə Səməd
tag: Ermənistan ,Azərbaycan ,Rusiya ,Mirzoyan ,Polşa ,MDB ,Elman Nəsirov ,todaypress.az,