Miqrantların “qara günləri”: “Ağ Ev verilən qərarların “acı meyvələri”ni dadmaqdadır” – ŞƏRH

Təhlil

03.02.2025 17:34

“Miqrasiya siyasəti Donald Trampın seçki prosesi ərəfəsində amerikalılara vəd etdiyi ən ciddi və prioritet məsələlərdən biri idi. Buna görə də yeni administrasiyanın bu siyasətdən imtina etməsi ağlabatan deyil”. 

Politoloq Natiq Miri bunu Amerikada miqrantların kütləvi deportasiyası əleyhinə etiraz aksiyalarına başlaması ilə bağlı TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Tramp kəskin qərarların tərəfdarı olduğu üçün lazım gəlsə, bu məsələdə zor tətbiq edə bilər. Bu halda isə administrasiyanın beynəlxalq səviyyədə nüfuzuna ciddi ziyan dəyəcək: 

“Təkcə miqrasiya məsələsi deyil, eyni zamanda ölkələrarası ticarət sisteminin durumu da hazırda sual altındadır. Çünki Tramp prezident kürsüsünə əyləşən kimi, dərhal Meksika, Kanada, Çin kimi dövlətlərə ticarət əlavələri və 10 faizdən 25 faizə qədər vergi rüsumları tətbiq edib. Eyni aqibət Avropa İttifaqı ölkələrini də gözləyir”.

Politoloq diqqətə çatdırıb ki, ABŞ-də prezident seçkilərindən öncə yayılan "Tramp dünyaya sülh gətirəcək" fikri hazırda “Dünyada böyük bir qarşıdurma yaranacaq” fikri ilə əvəz olunmağa başlayıb: 

“Çünki düşünülməmiş proseslərdə bu cür ani qərarlar vermək, hər zaman müəyyən dalğalanmalar, böhranlar, kataklizmlər yaradır. Bu baxımdan illərdir ABŞ-də yaşayan insanları birdən-birə yurd-yuvasından çıxartmaq və ölkəni tərk etməsi üçün qərar qəbul etmək olduqca riskli addımdır.  Düşünürəm ki, miqrasiya siyasəti ilə paralel bir çox məsələlər var ki, ABŞ-yə ciddi problemlər yaradacaq. Ağ Evin sadəcə öz mənafeyini öndə tutması ABŞ üçün ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Çünki siyasətdə heç bir addım təktərəfli olmur. Tətbiq edilən rüsumlar ABŞ iqtisadiyyatını sual altına atacaq”. 

Analitik sonda bildirib ki, artıq ABŞ Tramp administrasiyasının dönəmində verilən qərarların qismən də olsa, “acı meyvələri”ni dadmaqdadır. Ağ Evin bundan sonrakı taleyi isə Trampın verəcəyi qərarlardan asılıdır.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsinə səbəb olan bir sıra fərmanlar imzalayıb. O, ABŞ-nin cənub sərhədində fövqəladə vəziyyət elan edib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkənin hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək, qeyri-qanuni miqrantları "sürətləndirilmiş prosedur" üzrə, yəni miqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib. Hazırda ABŞ-nin müxtəlif şəhərlərində, xüsusilə də Los-Ancelesdə miqrantların kütləvi deportasiyası əleyhinə etiraz aksiyaları başlayıb. 

Töhfə Səməd

tag: Ağ Ev,ABŞ,Tramp,İmmiqrant,Politoloq,Natiq Miri,Todaypress.az,

photo