Millət vəkili: “Sərhəddə gərginlik yaranarsa, Ermənistana heç kim kömək etməyəcək”
“Avropa missiyasının məqsədi üçüncü qüvvə kimi Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinin irəli getməsinə mane olmaq, təxribat törətmək və bölgədə dayanıqlı sülhün qarşısını almaqdır”.
Milli Məclisin deputatı Vüqar İskəndərov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiyadan üz döndərən Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbdə özünə nicat tapmağa çalışır:
“Ermənistan Avropa İttifaqının kanadalı agentlərini, NATO formatında kəşfiyyatçı və təxribatçı qrupları ərazisinə gətirir. Hazırda təxribatçı qrup hər gün əllərində binokl Azərbaycan ərazilərini izləyirlər. Onlar burada nə axtarır, nəyi görmək istəyirlər özləri də bilmirlər. Amma sərhəddə gərginlik yaranarsa, Ermənistana heç kim kömək etməyəcək”.
Vüqar İskəndərov əlavə edib ki, Ermənistan sərhəddə təxribat xarakterli fəaliyyətini davam etdirir və bu da yeni eskalasiyaya yol açır:
“Ermənistan yaranışından etibarən böyük dövlətlərin himayəsi altında inkişaf etməyə çalışıb və bu siyasət bu gün də davam edir. Azərbaycanın sülh müqaviləsi imzalamaq təklifinə baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır. Ermənistan guya sülhdən danışsa da, sərhəddə kəşfiyyatçılara bu şəraiti yaratmaqla sülhün yanında yox, yenidən eskalasiyanın, təxribatların yanında olduğunu göstərir”.
Deputat Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası”nın Azərbaycanla şərti sərhəddən geri çəkməsinin zəruriliyini vurğulayıb. O qeyd edib ki, əks halda Azərbaycan onlara layiqli cavab verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Avropanın monitorinq missiyasının, əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olduğunu vurğulayıb.
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında” deyə Prezident əlavə edib.
Türkan İsgəndərli
tag: Vüqar İskəndərov,Deputat,Şərh,Ermənistan,Todaypress.az,