Millət vəkili: “Ermənistan Konstitusiyasında dəyişiklik yeni imkanlar yaradacaq”

Təhlil

13.03.2025 16:25

2783

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda yeni Konstitusiya layihəsi ilə çıxış edəcəyini bəyan edib.

Milli Məclisin deputatı Elman Nəsirov bu barədə TodayPress-ə açıqlamasında bildirib ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistanın yeni Konstitusiyanın preambulasında ölkəmizə qarşı ərazi iddialarının yer almamasıdır.

Bu tələb yerinə yetirildiyi halda, iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün yeni imkanlar yarana bilər.

"Yəni Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından imtina məsələsinin həll olunması, artıq digər məsələlərin də həlli üçün yeni imkanlar pəncərəsi açır. Həllini gözləyən digər məsələlərin də sürətli tənzimlənməsi mümkün ola bilər. Söhbət Ermənistan-Azərbaycan sərhədində üçüncü tərəfin - Avropa İttifaqının dırnaqarası mülki missiyasının təmsilçiliyinə icazə verilməməsi, ATƏT-in Minsk qrupunun buraxılması və ən əsası da Zəngəzur dəhlizinin işə salınmasından gedir".

Deputat Paşinyanın mövqeyini tez-tez dəyişdiyini, amma onun Konstitusiya layihəsində Azərbaycanın tələblərinin nəzərə alınacağını bildirməsini nikbin məqam kimi qiymətləndirib.

E.Nəsirov hesab edir ki, Ermənistan Konstusiyada dəyişiklik iki dövlət arasında müəyyən mənada etimad mühitinin formalaşmasına xidmət göstərəcək.

Türkan İsgəndərli

tag: Deputat,Elman Nəsirov,Azərbaycan,Ermənistan,Todaypress.az,