Millət vəkili: “Bu, beynəlxalq hüquq adına utancdır”
"Azərbaycana münasibətdə qərəzli davranışlar sərgiləməkdə aparıcı rolu ABŞ-də demokratların iqtidarı, Fransanın Makron diktaturası və bu rejimlərin çətiri altında fəaliyyət göstərən ayrı-ayrı beynəlxalq subyektlər, o cümlədən "insan haqları təsisatları" və digər "muzdlu qruplar" üstləniblər".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, 30 il ərzində Ermənistanın dövlət siyasəti çərçivəsində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə susan qüvvələr Azərbaycanın ərazilərini işğaldan azad etməsinə və separatizmə son qoymasına hüquqa zidd don geyindirməyə çalışırlar.
Deputat bildirib ki, bu yanaşmanın əsas səbəbi bəzi beynəlxalq güclərin Cənubi Qafqazda təsir imkanlarını saxlamaq məqsədilə Ermənistandan marionet dövlət kimi istifadə etmək istəməsidir.
"Prezident İlham Əliyev də çıxışlarında bu məsələyə toxunaraq, Azərbaycanın təşəbbüsü ilə aparılan sülh prosesinin qarşısında əsas maneənin məhz bu qərəzli yanaşmalar olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Müşahidə olunan mənzərə arzuolunan deyil və beynəlxalq hüquq adına utancdır. Lakin dəyişməyən bir həqiqət var ki, regionun geosiyasi arxitekturası Bakıda müəyyən olunur və əməliyyat şəraitinə nəzarət edən Azərbaycan hərbi-siyasi zəfərləri ilə yaratdığı konfiqurasiyanın hər hansı formada və hər hansı qüvvə tərəfindən dəyişdirilməsinə imkan verməyəcək" Bəhruz Məhərrəmov yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, bəziləri Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq.
Türkan İsgəndərli
tag: Bəhruz Məhərrəmov,Deputat,Fransa,Azərbaycan,Todaypress.az,