Millət vəkili: “Beynəlxalq hüquq 33 ildir ki, bu qətliama susur”

Təhlil

26.02.2025 13:01

2795

“Artıq 33-cü ildir ki, Xocalı faciəsini yad edirik”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov  Xocalı soyqırımı ilə bağlı TodayPress-ə danışarkən bildirib. 

O, Xocalı faciəsinin bəşəri olduğunu diqqətə çatdırıb: 

“Bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalır. Qarabağın "məzlum ermənilərinin" haqlarının davasını aparan beynəlxalq hüquq-müdafiə təşkilatları və qlobal subyektlər 33 ildir ki, bu qətliama reaksiya vermir”.  

Millət vəkili bildirib ki, bu soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır:

“Lakin, təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Avropa mediasına şəxsi etiraf etməsinə baxmayaraq, hüququn aliliyindən danışanlar onun və ortağı Robert Köçəryanın vəhşiliyinə hələ də münasibət bildirməyiblər.   

Xocalı faciəsi öz xarakterinə görə humanitar hüququn hər iki qolu üzrə ciddi pozuntulara səbəb olmaqla beynəlxalq cinayətlərin mürəkkəb məcmusunu yaradıb. 

Müqayisə üçün nəzərinizə çatdırım ki, beynəlxalq hüquq ümumtanınmış Holokost soyqırımını humanitar hüququn yalnız bir qolu - Cenevrə hüququnun pozuntusu kimi qəbul edərək, soyqırım cinayəti kimi rəsmiləşmişdir. Bu amil bir daha Xocalı faciəsinin nə dərəcədə dəhşətli insanlıq faciəsi və beynəlxalq hüquq üçün zərbə olduğunu əyani və elmi əsaslarla nümayiş etdirir”.

Parlamentari Ermənistanın sabiq prezidentinin bir neçə il öncə Xocalı faciəsinə dair video-müsahibəsindən sitat gətirib. O xatırladıb ki, Serj Sarkisyan həmin videoda Xocalı faciəsi ilə bağlı heç bir təəssüf  hissi keçirmədiyini bildirib: “Hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir” deyə vurğulayıb. Bəhruz Məhərrəmovun qənaətincə, bu, Ermənistan tərəfinin Xocalı soyqırımı ilə bağlı faktı ən yüksək səviyyədə etirafı və bütün qeyri-insani davranışlara haqq qazandırması kimi dəyərləndirilməlidir. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Soyqırımdan 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. 

Töhfə Səməd

tag: Bəhruz Məhərrəmov,Xocalı ,Soyqırım,Qarabağ,Ermənistan,todaypress.az,