Millət vəkili: “Azərbaycanın hesabına faşizm üzərində böyük qələbə qazanılıb”
“Dünya birliyi Azərbaycan xalqının döyüş ruhu, insan resursu və təbii ehtiyatlarının müstəsna rolu hesabına İkinci Dünya müharibəsində faşizm üzərində böyük qələbə qazansa da, təəssüf ki, bu qorxunc ideologiya tam məhv edilməyib”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə TodayPress-ə danışarkən deyib.
O diqqətə çatdırıb ki, üstəlik XX əsrin sonlarında faşizm ideologiyası Fransa kimi faşist rejimin və onun dəstəyi ilə Ermənistanın simasında yenidən dirçəlməyə başlayıb.
“Azərbaycan 44 günlük haqq savaşında və antiterror tədbirlərində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı diz çökdürməklə, əslində Qafqazda neofaşizmin əsas dalğasını məhv etdi. Möhtərəm Prezidentin dediyi kimi, bununla da Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmiş oldu”.
Deputatın sözlərinə görə, bu gün Ermənistanda Nijdenin heykəli və Nemesis abidəsinin ucalması, kilsə və revanşist dairələrin hələ də sülhə maneə yaratmağa çalışması fonunda bəzi dairələrin və onun havadarlarının hələ də neofaşist ideologiyasını yaşatmaq niyyətini müşahidə edirik. Fransa isə bu təcavüzkarlığın dirçəlməsinə bütün mümkün dəstəyi verməkdə israrlı görünür.
“Regionda şər ittifaqının neofaşizmin arealını genişləndirməsinə imkan verməyən, qlobal miqyasda isə neokolonializm və müstəmləkələrdə faşist üsul-idarəsinin tətbiqi qarşısında Bakı Təşəbbüs Qrupu ilə cəsarətlə dayanan güc kimi Azərbaycan Respublikası və şəxsən Cənab İlham Əliyev çıxış edir”.
Millət vəkili sonda vurğulayıb ki, bu mənada, əminliklə demək olar ki, XXI əsrdə faşizmlə mübarizədə ən səmimi və səmərəli fəaliyyət göstərən lider Cənab İlham Əliyev, ən inamlı mübarizə aparan dövlət isə Azərbaycan Respublikasıdır.
Töhfə Səməd
tag: Bəhruz Məhərrəmov,Deputat,Azərbaycan,9 May ,Qələbə,Todaypress.az,