Millət vəkili: “Azərbaycan Rusiya ilə münasibətlərini qorumağa çalışır, amma...”
“Deputat Azər Badamovun Ruisyaya buraxılmamasının arxasında siyasi motivlər dayanır”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla bağlı sərgilədiyi qeyri-səmimi və qeyri-dost mövqelər artıq bir tendensiya halını alıb. Bu ilk belə hal deyil:
“İstər ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması, istərsə də ondan əvvəlki dövrlərdə yaşanan oxşar hadisələr və son olaraq deputat həmkarımız Azər Badamovun Rusiya hava limanında saxlanılaraq ölkəyə buraxılmaması bu yanaşmanın bariz nümunələridir. Azərbaycan ictimaiyyəti artıq bu münasibətin arxasında hansı siyasi niyyətlərin dayandığını yaxşı anlayır: Ən azından son 200 il ərzində başımıza gələn bəlaların böyük əksəriyyətinin kökündə Rusiya faktoru dayanıb, istər imperiya dövründə, istər sovet illərində, istərsə də müstəqillik qazandıqdan sonra. Qarabağ probleminin əsas səbəbkarlarından biri də məhz elə Rusiya olub”.
Deputat vurğulayıb ki, buna baxmayaraq, Azərbaycan tərəfi Rusiya ilə strateji müttəfiqlik münasibətlərini qorumağa çalışır.
Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya ilə normal münasibətlərin tərəfdarıdır və bu istiqamətdə həm siyasi, həm də praktiki addımlar atılıb. Təəssüf ki, Rusiya tərəfi bu səylərə adekvat cavab vermir.
“Azər Badamovun Ruisyaya buraxılmaması addımı onun fevral ayında Rusiya Dövlət Dumasının üzvü Nikolay Valuyevin Azərbaycan və xalqımız haqqında etikadan kənar ifadələrinə verdiyi sərt və haqlı reaksiyaya cavab olaraq atılıb. Əslində, Valuyevin bu açıqlamalarına cavabı Rusiya rəhbərliyi və Dövlət Duması verməli idi. Amma onlar susdu, nəticədə isə Azərbaycan deputatları olaraq biz mövqe bildirmək məcburiyyətində qaldıq”.
Millət vəkili əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı “araşdırma aparılır” açıqlaması da qeyri-səmimi görünür. Əgər bu qərar verilibsə və ölkəyə giriş qadağan olunubsa, demək ki, bu, dövlət səviyyəsində atılmış addımdır. Xarici İşlər Nazirliyinin bu qərardan xəbərsiz olduğunu iddia etməsi isə sadəcə məsuliyyətdən yayınmaq cəhdidir.
Sonda A. Əlizadə bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan qonşu dövlətlərlə mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Rəsmi Bakı bu mövqedən geri çəkilmir. Yetər ki, qarşı tərəf də eyni səmimiyyəti nümayiş etdirsin.
Qeyd edək ki, mayın 4-də Rusiya tərəfinin dəvəti və Abşeron RİH-nin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.
Lakin nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.
Deputat yenidən Azərbaycana qaytarılıb.
Millət vəkilinin Rusiyada “qara siyahı”ya salınması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
İddialara görə, Azər Badamov Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin anti-Azərbaycan bəyanatlarına cavab verdiyinə görə, Rusiyaya girişinə qadağa qoyulub.
Töhfə Səməd
tag: Arzuxan Əlizadə,Deputat,Azərbaycan,Rusiya,Todaypress.az,