Millət vəkili: “Azərbaycan bu boşluğu doldura bilər"

Təhlil

28.04.2025 13:10

18

"Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynamaq potensialına malikdir".

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün iki qütb arasında əlaqələrin inkişafına real töhfə verə biləcək mövqeyə sahibdir.

“Rəsmi Bakının verə biləcəyi ən böyük töhfə sülhün təşviqi, dövlətlərarası münasibətlərin qorunması və inkişafıdır. Çünki dünya hazırda ciddi qarşıdurmalar və ağır proseslərlə qarşı-qarşıyadır. Beynəlxalq arenada dərin inamsızlıq və etimadsızlıq hökm sürür. Azərbaycan bu boşluğu doldurmaq və mənfi meyyarları aradan qaldırmaq üçün müsbət rol oynaya bilər".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan, hazırda Cənubi Qafqaz regionunda və ümumilikdə regionda böyük nüfuza və etimada sahibdir. Bu potensialdan istifadə etməklə ölkəmiz əlaqələrin möhkəmləndirilməsi, anlaşma mühitinin yaradılması və inamın bərpası prosesinə ciddi töhfə verə bilər.

Parlamentarinin fikrincə, Azərbaycanın malik olduğu diplomatik təcrübə və beynəlxalq etimad, ölkəmizi qlobal dialoq və əməkdaşlıq platforması kimi daha da önə çıxarır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib ki, Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır.

Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. 

Töhfə Səməd

tag: Ceyhun Məmmədov,Deputat,Azərbaycan,Qlobal Potensial,Todaypress.az,