Maraqların toqquşma nöqtəsi ZƏNGƏZUR DƏHLİZİ: Pekin Ermənistana təzyiqə başlayır?

Təhlil

17.04.2025 15:05

174

“Pekin Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təsir göstərə bilər”.

Politoloq Əlimusa İbrahimov bu sözləri TodayPress-ə danışarkən deyib.

Ekspert qeyd edib ki, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana birləşəcək marşurut üzərində uzun müddətdir çalışır və onun yaxın zamanlarda açılması perspektivləri daha realdır:

“Marşurutun fəaliyyətə başlaması İran və Azərbaycandan asılıldır. Bakı və Tehran artıq öz razılığını verib. Zəngəzur dəhlizinin fəaliyyətə başlayıb-başlamayacağından asılı olmayaraq İrandan keçəcək dəhliz öz funksiyasını yerinə yetirəcək. Zəngəzur dəhlizi açılsa belə, İranla olan magistral yol heç də fəaliyyətsiz qalmayacaq. Eyni məqsədlərə xidmət edərək Fars körfəzindən gələn yüklərin Azərbaycan vasitəsi ilə Rusiya və Gürcüstana daşınmasında mühüm tranzit vasitəsi rolunu oynayacaq”. 

Analitik diqqətə çatdırıb ki, Çin həm Zəngəzur,  həm də İranla Azərbaycan arasında açılması nəzərdə tutulan dəhlizin fəaliyyətə başlaması üçün ciddi təsir imkanlarına malikdir, amma öz iradəsini diqtə etmək üçün təzyiq metodlarından istifadə etməyə meyl göstərmir:

“Bu o anlama gəlir ki, Pekin Zəngəzur dəhlizinin açılması və bununla da Orta Dəhlizin genişləndirilməsi üçün Ermənistana təsir göstərə bilər. Lakin Zəngəzur dəhlizi məsələsi sırf Ermənistandan asılı olan məsələ deyil. Burada Rusiya, ABŞ, Türkiyə və Aİ-nin də maraqları toqquşur. Bu maraqlar qarşısında Çinin hansı mövqe tutacağı hələ məlum deyil. Sadəcə indiki halda onun ciddi müdaxiləsinin şahidi olmuruq. Çin təqib etdiyi oyun qaydalarına uyğun olaraq burada da ehtiyatla addım atmaq siyasətini davam etdirir”.

Ə. İbrahimov yaxın gələcəkdə Çinin Cənubi Qafqazda fəaliyyətini intensivləşdirəcəyinin gözlənilən olduğunu istisna etməsə də, bunun  üçün dəqiq tarix verməyin olduqca çətin olduğunu vurğulayıb:

“Hər halda ABŞ-Çin münasibətlərinin müəyyən mərhələyə çatması Çini daha çox məşğul edən bir məsələ kimi ortalığa çıxıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı bildirib ki, Azərbaycan artıq İran ərazisindən keçməklə Naxçıvanla birləşəcək marşrut üzərində işləyir.

Prezident eyni zamanda Çinin bu proseslərdə əhəmiyyətli rol oynaya biləcəyinə işarə edərək vurğulayıb ki, Zəngəzur dəhlizi Çin üçün vacib olan Orta Dəhlizin genişlənməsinə xidmət edə bilər. 

Qiymət Mahir

tag: Əlimusa İbrahimov,Politoloq,Azərbaycan,Çin,Zəngəzur,todaypress.az,

photo