Makrondan ermənipərəst çıxış: Rəsmi Paris nəyi ört-basdır etməyə çalışdı? -ŞƏRH
Təhlil
26.09.2024 14:53
“Fransa prezidenti Emanuel Makronun açıqlaması siyasi şantaj xarakteri daşıyır”.
Politoloq Samir Hümbətov bunu TodayPress-ə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın hər hansı bir formada Ermənistandan ərazi iddiası yoxdur:
“Əksinə rəsmi Bakı sülhdən yana mövqe tutur. Azərbaycan sadəcə hər kəsin haqqı olan ərazi bütövlüyünün tanınmasının tərəfdarıdır. Makronun bu açıqlaması Fransanın Ermənistanı silahlandırmaq məsələsinin üstünü ört-basdır etməsinə bir bəhanə tapmasına hesablanıb”.
Analitik hesab edir ki, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətini həyata keçirməyə çalışır:
“Rəsmi Paris regionda yekunlaşmaqda olan münaqişənin qarşısında sülh prosesinin dayanmasını istəmir. Münaqişəni yenidən alovlandırmağa çalışır. Düşünürəm ki, bu cür bəhanələrin nə siyasi, nə də hüquqi əsası var. Əksinə Fransa bununla etdiyi qanunsuzluğa, beynəlxalq cinayətə haqq qazandırmağa çalışır”.
Politoloqun qənaətincə, beynəlxalq aləmdə Fransanın Ermənistanı silahlandırmasına qarşı heç bir tədbir görülmədiyi, təzyiq göstərilmədiyi üçün bu, Ermənistanı daha çox arxayınlaşdırır və onu sülh danışıqları prosesindən çəkindirir. Bu yolla rəsmi Paris Ermənistanın ikili oynamasına şərait yaradır.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron sentyabr 25-də BMT Baş Assambleyasında çıxışı zamanı, guya “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları” şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığını bəyan edib.
Günəş Mərd
tag: Ermənistan ,Makron ,Fransa ,Azərbaycan, Cənubi Qafqaz ,Samir Hümbətov,todaypress.az,