Makron türk dünyasına yaxınlaşır: Qazaxıstan və Özbəkistanla təmaslar Fransaya nə vəd edir? – ŞƏRH

Təhlil

17.03.2025 13:05

2441

“Qazaxıstan və Özbəkistanla sıx təmaslar Fransaya bu mühüm coğrafiyada əlavə təsir imkanları qazandıra bilər. Lakin bu ölkələrin də öz maraqları var və onlar birtərəfli deyil, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə üstünlük verirlər”.   

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress-ə danışarkən deyib.

O diqqətə çatdırıb ki, Qərbin Orta Asiya ölkələrinə marağı yeni hadisə deyil və SSRİ-nin süqutundan sonra ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri bu regionla sıx əlaqələr qurmağa daim üstünlük veriblər:

“Orta Asiya strateji baxımdan mühüm bölgədir, çünki önəmli kommunikasiya xətləri məhz buradan keçir. Bu kontekstdə Fransanın Orta Asiyaya marağı da uzun illərdir davam edir və son dövrlərdə bu təmasların intensivləşməsi diqqət çəkir. Xüsusilə Qazaxıstan və Özbəkistanın əhəmiyyəti bu məqamda daha yüksəkdir. Çünki bu ölkələr geniş əraziyə, böyük əhaliyə və zəngin təbii resurslara malikdir. Xüsusilə Qazaxıstan mühüm kommunikasiya yollarının üzərində yerləşir”.

Ekspert burada Çin amilinin də nəzərə alınmalı olduğunu vurğulayıb. O, qeyd edib ki, Çin dünya təchizat bazarında aparıcı mövqe tutur və coğrafi baxımdan ona yaxın olan ölkələr Qərbin maraq dairəsindədir. Politoloqa görə bu, geosiyasi və geoiqtisadi baxımdan Qərb üçün önəmli faktordur.

“Türk dünyasına gəlincə, Türk Dövlətləri Təşkilatı (TDT) bu gün uğurlu bir platforma kimi özünü təsdiqləyib. Bu təşkilat üzv ölkələr vasitəsilə Qərblə İslam dünyası arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər. Ümumiyyətlə, İslam dünyası hər zaman Qərbin maraq dairəsində olub və bu ölkələrlə münasibətlərin inkişafı geosiyasi fəallıq imkanı yaradır. Fransanın Orta Asiya və türk dövlətləri ilə əlaqələrini gücləndirməsi bu strateji motivlərə əsaslanır. Eyni zamanda, burada Rusiya amili də rol oynayır. Həmin ölkələr keçmiş sovet respublikalarıdır və Rusiya ilə sıx tarixi və iqtisadi əlaqələrə malikdir. Ümumiyyətlə, Qərb, xüsusilə də Fransa, Rusiya sərhədləri boyunca təsir dairəsini genişləndirməyə çalışır” deyə o, izah edib.

Analitik Qazaxıstan və Özbəkistanla sıx təmasların Fransaya bu mühüm coğrafiyada əlavə təsir imkanları qazandıra biləcəyindən bəhs edib. Lakin E. Mirbəşiroğlu xatırladıb ki, bu ölkələrin də öz maraqları var və onlar birtərəfli deyil, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə üstünlük verirlər.

O əlavə edib ki, bununla belə, Fransa hər zaman öz milli maraqlarından çıxış edir və Azərbaycana qarşı sərgilədiyi mövqe bunu açıq şəkildə göstərir:

“Fransanın geosiyasi fəallığında kolonializm ambisiyaları da özünü büruzə verir. Orta Asiyada təsir imkanlarını genişləndirmək Fransanın Avropadakı mövqelərini gücləndirmək məqsədi də daşıyır. Asiya-Sakit Okean regionunda isə ABŞ və Fransa arasında maraq toqquşmaları mümkündür. Lakin ümumilikdə, düşünürəm ki, Fransa bu regionda dominant güc kimi çıxış etmək iqtidarında deyil”.

Qeyd edək ki, son zamanlar Fransa prezidenti Emmanuel Makronun Türk Dünyasına artan marağı diqqət çəkir. Xüsusilə Qazaxıstan və Özbəkistanla intensiv diplomatik əlaqələr, strateji tərəfdaşlıq razılaşmaları və milyardlarla avroluq investisiya layihələri bunu göstərir.

Nəzərə almaq lazımdır ki, Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvüdür. Bütün bunlar onu göstərir ki, Fransa Afrikada təsirini itirdikcə, yeni geosiyasi oyunçularla əməkdaşlığı gücləndirməyə çalışır.

Qiymət Mahir

tag: Elşad Mirbəşiroğlu,Analitik,Azərbaycan,Fransa,Şərh,Todaypress.az,

photo