Lavrovun istefası gözlənilir: Münasibətlər necə dəyişəcək? – ŞƏRH

Təhlil

30.04.2025 15:45

34

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başqa biri ilə əvəzlənməsi Azərbaycana, Cənubi Qafqaza münasibətdə kordinal dəyişiklikərə gətirib çıxarmayacaq”.

Politoloq Elməddin Behbud bunu TodayPress-ə danışarkən deyib.

O diqqətə çatdırıb ki, Sergey Lavrov öz milli mənsubiyyətindən irəli gələn xüsusiyyətləri Azərbaycana və bütövlükdə türk dünyasına münasibətdə bu və ya digər şəkildə ifadə etməkdə çəkinməyib:

“O, dünyanın qlobal güclərindən birinin diplomatik idarəsinə rəhbərlik edir, çiyninə kifayət qədər böyük məsuliyyət götürüb. Konkret nümunələrə diqqət etsək, milli mənsubiyyətindən irəli gələn baxışlarının bura hansı formada təcəlli etdiyini dəqiq görə bilərik. Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi dövründə Sergey Lavrovdan nəinki haqlı dəstək, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycanın mövqeyinə obyektiv münasibət belə görməmişik. Bu baxımdan Rusiyanın xarici siyasət idarəsinin rəhbərliyinin artıq ermənidən yaxa qurtarması fonunda Azərbaycana daha obyektiv, rasional münasibət bəsləyən və qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olan yeni bir şəxsin əvəzlənməsi Azərbaycan üçün daha yaxşı ola bilər”.

Ekspert həmçinin əlavə edib ki, böyük dövlətlərin xarici siyasət konturları ayrı-ayrı şəxslərin üzərində qurulmur:

“Bunlar uzun illər ərzində formalaşmış ənənəyə söykənir, eyni zamanda dövlətin ali rəhbərliyinin geosiyasi performansından qaynaqlanır. Bu cəhətdən istər Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, yaxud Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Lavrovu əvəzləməsi Azərbaycana, Cənubi Qafqaza münasibətdə kordinal dəyişiklikərə gətirib çıxarmayacaq. Bu, müsbət dəyişikliklərlə müşahidə olunmayacaq”. 

Analitik bu məsələyə o qədər də optimist yanaşmadığını bildirib:

“Onlar vətəndaşı olduqları dövlətin maraqlarından çıxış edəcəklər. Hər halda Lavrovun Rusiya XİN rəhbəri vəzifəsindən getməsi reallaşarsa, daha rasional və diplomatik münasibət saxlamağa üstünlük verəcək şəxsin onu əvəzləməsi daha pozitiv gələcək vəd edə bilər”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov səhhəti ilə əlaqədar öz postundan getməyə hazırlaşır. İddialara görə, ermənilərin Rusiya Xarici İşlər Nazirliyindəki “boz kardinalı” sayılan Lavrovu (Kələntərovu) Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, yaxud Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin əvəzləyə bilər.

Qiymət Mahir

tag: Elməddin Behbud,Politoloq,Sergey Lavrov,Rusiya,Todaypress.az,

photo