Kurska hücum müharibənin gedişatını necə dəyişəcək? - ŞƏRH

Təhlil

08.08.2024 15:38

“Kurskda baş verən döyüşlər Ukraynaya müəyyən üstünlük yaradacaq”.   

Bunu Politoloq Samir Hümbətov Kurskda Ukrayna ordusunun bölmələri ilə Rusiya silahlı qüvvələri arasında gedən döyüşləri TodayPress-ə şərh edərkən bildirib.  

Onun sözlərinə görə, döyüşlərin Rusiya ərazisində davam etdirilməsi ölkə əhalisi arasında narazılıqla qarşılanacaq. Politoloqun qənaətincə, belə olduğu halda Kreml administrasiyası istər-istəməz müəyyən güzəştlərə getməli olacaq. O, qeyd edib ki, Ukrayna həm ərazi itirir, həm də Rusiyanın ərazilərini tutmaqla danışıqlarda balans yaratmaq istəyir:

“İndi Ukrayna tərəfi danışıqlara başlamaq üçün çalışır. Bu baxımdan Kursdakı döyüşlər Ukraynadakı müharibəyə təsir göstərə bilər. Rusiya Kursk bölgəsində Ukraynanı sığışdırıb çıxara biləcək, ya yox bu hadisələrin gedişatından asılıdır. Hər halda Qərb yenə də Ukraynanı silahlandırır”. 

Samir Hümbətovun fikrincə, Rusiya-Ukrayna savaşında bundan sonra baş verəcək hadisələr daha çox ABŞ-dəki prezident seçkilərindən sonra bəlli olacaq:   

“Noyabrda ABŞ-də prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp və vitse-prezident Kamala Harrisdən hansının qalib gələcəyi Rusiya-Ukrayna müharibəsinin əsas dönüş nöqtəsi olacaq. Onda Qərbin Ukraynaya dəstəyi davam etdirib etdirməyəcəyi dəqiq bəlli olacaq. O zamana qədər isə Ukrayna tərəfi bu kimi əməliyyatlarla müharibənin gedişatında balans yaratmağa çalışacaq”. 

Bu arada Rusiyanın Müdafiə Nazirliyi Kurskdakı vəziyyətlə bağlı məlumat yayıb. Bildirilib ki, görülən adekvat tədbirlər nəticəsində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb.

Günəş Mərd

tag: Ukrayna, Rusiya, ABŞ, Tramp, Harris, Kursk, Samir Hümbətov, todaypress.az,

photo