Kremldən təlimat alanlar Azərbaycana qarşı: “Çirkin kampaniya davam etdirilir” – ŞƏRH

Təhlil

07.02.2025 18:00

2560

“Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları son günlər artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar”. 

TodayPress xəbər verir ki, siyasi şərhçi Turan Rzayev bu barədə TodayPress-ə danışarkən bildirib.  

Ekspert N.Valuyevin Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış etdiyini qeyd edib:

“Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürür. Qeyd edim ki, “Sadovod” ticarət kompleksi Rusiya Prezidenti Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.    Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa, propaqandaçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar”. 

Analitik vurğulayıb ki, Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya çevrilməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir: 

“Çünki Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yəni Azərbaycan heç kimdən asılı deyil. Rəsmi Bakı hamı ilə əməkdaşlığa hazırdır. Rusiya bunu unutmamalıdır. Kremlin unutmamalı olduğu başqa bir məqam da heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı xoşagəlməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmağa davam edib, hətta “İsgəndər”, “Pantsir”, “Pole 3M” və digər sistemləri bu ölkəyə verib. Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğını törətmək, Xocalı soyqırımı gerçəkləşdirmək mümkün olsun”.

T. Rzayev sonda qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı bu ölkə ilə 22 fevral 2022-ci ildə imzalanan Moskva Bəyannaməsinə yenidən baxmalı ola bilər. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur.     

Qiymət Mahir

tag: Politoloq ,Turan Rzayev,Rusiya,Azərbaycan,Todaypress.az,

photo