"Kiyev möcüzə gözləyir": Zeleskinin “sülh planı” nə vəd edir? - ŞƏRH

Təhlil

21.09.2024 13:55

“Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planı Ukraynanın NATO-ya üzv olması və Kiyevə daha çox silah tədarükü ilə bağlıdırsa, bu planın reallaşma ehtimalı olduqca zəifdir”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə açıqlamasında bildirib. 

O, hesab edir ki, Rusiya Ukraynaya məhz NATO-ya üzvlük məsələsi gündəmə gətirildiyi üçün hərbi müdaxilə edib. Bu səbəbdən Zelenskinin hazırladığı sülh planı absurd görünür:  

“Rusiya belə bir sülh variantı ilə razılaşmayacaq. Artıq ən sadəlövh adamlar belə NATO-nun Ukraynanı öz sıralarına heç vaxt qəbul etməyəcəyini bilirlər. Bu mövzu 2000-ci ilin əvvəllərindən gündəmdədir. Belə bir niyyətləri olsa idi, indiyə kimi Ukrayna çoxdan bu təşkilata üzv olmuşdu. Demək ki, Qərb də Ukraynanın NATO-ya üzvlüyünü istəmir. İndi hər kəsə bəllidir ki, Ukraynanın alyansa üzvlüyünə qarşı çıxan ölkələr arasında ilk sırada ABŞ və Almaniya dayanır. Bu iki ölkə Ukraynanın NATO-ya üzvlüyünü bloklayır. Ümumi rəy də ondan ibarətdir ki, Ukraynanı NATO-ya qəbul etdirmək olmaz”. 

Analitikin sözlərinə görə, Zelenski bu mövzuda nə qədər inadkarlıq göstərsə də,  indiki şəraitdə Ukraynanın bu təşkilata üzvlük ehtimalı sıfıra bərabərdir. Hətta bu möcüzə sayıla bilər: 

“NATO Ukraynanı öz sıralarına qəbul edərsə, Rusiya ilə müharibəyə başlaya bilər. NATO-nun isə Ruisya ilə müharibə etmək kimi bir niyyəti yoxdur. Bunu dəfələrlə bəyan ediblər. Hətta alyans Ukraynaya silah göndərmiş olsa belə, Rusiya ilə savaşa girmək niyyətində deyil. Bütün bunları nəzərə alındıqda artıq məlum olur ki, Zelenskinin sülh planı o qədər də məntiqə uyğun deyil. Kremldə də hesab edirlər ki, sülh sazişi Ukraynanın NATO-ya üzv olmayacağına tam təminat verildikdən sonra imzalana bilər”.  

Qeyd edək ki, “Bloomberg” Ukrayna liderinin "sülh planı"nın təfərrüatlarını açıqlayıb. Bildirilib ki, sülh planında Ukraynanın NATO-ya qoşulması və silah tədarükünün artırılması tələbi var. İddia olunur ki, bu plan Rusiyanı sülhə yönəltməyə məcbur edəcək.

Günəş Mərd

tag: Ukrayna,Sülh, Zelenski, NATO, Rusiya ,todaypress.az,

photo