Kiyev Kremlin şərtlərini qəbul edəcək? – Politoloqdan açıqlama

Təhlil

05.08.2024 18:10

Ukrayna prezidenti Zelenski Ukraynada müharibəyə tezliklə son qoymağın vacibliyini qeyd edib. Münaqişənin əvvəllərində Kiyevə döyüşmək üçün hər cür dəstək vəd edən Qərb indi hərbi yardımın həcmini azalmaq barədə düşünür. Fransalı siyasətçi Florian Filippo bildirib ki, indiki vəziyyətdə optimal həll yolu Rusiya ilə danışıqlara mümkün qədər tez başlamaqdır. Britaniyalı hərbi ekspert Aleksandr Merkuris də açıqlaması ilə diqqət çəkib. O, Ukraynanın münaqişəyə son qoymaq üçün 2014-cü ildən bəri itirdiyi ərazilərdən rəsmən imtina etməli olduğunu deyib. Bütün bunlar Ukraynanın yaxın zamanda sülh bağlamağa razılaşdırılacağına zəmin yaradır.   

Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, Ukrayna hazırda çox faciəvi bir durumla üzləşib və bunun əsas günahkarları ABŞ, Avropa və NATO-dur:

“Onlar Ukraynaya çoxlu vəd verdilər, sonadək hərbi dəstək göstəriləcəyini bəyan etdilər. Reallıqda isə Qərb öz vədlərinə xilaf çıxdı. Çox məhdud həcmdə hərbi texnika göndərdi. Ukraynanı yarı yolda qoydu. Bu səbəbdən də rəsmi Kiyev sülh barədə danışmaq və sülhün yollarını axtarmaq məcburiyyətində qalıb. Bu vəziyyətin nə qədər davam edəcəyi hələ məlum deyil”. 

Analitikin qənaətincə, Rusiyanın tam qələbəsi barədə danışmaq bir qədər tezdir. Çünki Rusiya bu ilin sonlarına doğru ciddi iqtisadi-maliyyə problemləri ilə üzləşə bilər. Bu isə ordunun silah-sursat təminatında problemlərə gətirib çıxaracaq:

“Rusiyanın  Ukraynadan əsas üstünlüyü ondan ibarətdir ki, onun insan resursları ilə bağlı narahatçılığı yoxdur. Ordu sıralarını genişləndirmək imkanları hələ də var. Amma  Ukrayna bu məsələdə çox ciddi problemlərlə üzləşir. ABŞ və Qərbin vaxtında və yetərli həcmdə silah-sursat, hərbi texnika göndərməməsi, Ukraynanın böyük itkilər verməsi ilə nəticələnir. Onların yerinin doldurulması isə artıq müşkül məsələyə çevrilib”. 

Politoloq hesab edir ki, hadisələrin gedişatında həm Rusiya, həm də Ukrayna üçün ən doğru yol sülh sazişinin imzalanması və hansısa prinsiplər üzərində anlaşmanın əldə olunmasıdır:

“Rusiya birmənalı şəkildə bəyan edib ki, sülh imzalanarsa, Krım, Donbas və bir neçə bölgə onun nəzarətində qalmalıdır. Eyni zamanda  Kreml Ukraynanın gələcəkdə NATO-ya üzv olmaması, ərazisində xarici ölkənin hərbi bazalarının yaradılmaması və neytral ölkə statusu qazanmasını əsas şərt kimi irəli sürür. Ukraynanın bu şərtləri qəbul etməyə hansı səviyyədə hazır olduğunu demək bir qədər çətindir. Bir sözlə Ukrayna faktiki olaraq öz mövcudluğunu və inkişaf perspektivlərini ABŞ və Qərbin strateji maraqlarına qurban verdi”. 

Bütün dünya növbəti dəfə ABŞ-nin, NATO-nun, Avropa İttifaqının ipi ilə quyuya düşməyin hansı fəlakətlərə gətirib çıxara biləcəyinin şahidi oldu. Normal ölkələr bu cür hadisələrdən yayınmağı bacarmalıdırlar. Əks halda onlar da Ukrayna kimi böyük faciələrlə üzləşəcəklər. 

Günəş Mərd

tag: Kiyev, Kreml, NATO,Krım, Donbas,Elçin Xalidbəyli, todaypress.az,

photo