Kazım Kazımov: “Sülh müqaviləsinin imzalanmaması üçün Ağ Ev əlindən gələni edir”
Təhlil
08.10.2024 13:20
“ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbəbi Ağ Evin tutduğu qərəzli mövqedir. Təəssüf ki, bu gün Amerika siyasətində erməni lobbisi üçün çalışan qüvvələr kök salıb”.
Bunu politoloq Kazım Kazımov Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəməsini TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan millət vəkillərinin bu çağırışı doğru qərardır. Çünki ABŞ nə qədər Azərbaycan-Ermənistan məsələsində sülh tərəfdaşı kimi görünsə də, Qərb qonşumuzu silahlandırmağa, siyasi dəstək verməyə davam edir:
“Sülh müqaviləsinin imzalanmaması üçün Ağ Ev prosesi əlindən gəldiyi qədər uzadır. Amerika həm də Azərbaycanda 5-ci kalon fəaliyyəti həyata keçirən "siyasi qüvvələr"ə də dəstəyini əsirgəmir. Belə ki, USAID və ABŞ-yə bağlı başqa fondlar Azərbaycanda siyasi-sosial vəziyyətin gərginləşməsi kimi pozucu fəaliyyətlərlə məşğul olurlar. İllərdir ki, hüquq mühafizə orqanlarımız bir sıra QHT-lərə qarşı mübarizə aparır”.
Politoloqun fikrincə, USAID-in Azərbaycandakı fəaliyyətinə tamamilə xitam verilməlidir. O cümlədən, ABŞ ilə münasibətlər ciddi formada gözdən keçirilməlidir.
Töhfə Səməd
tag: ABŞ, Amerika, USAID,QHT,Ağ Ev, todaypress.az,