Kavelaşvilinin Bakı səfəri: Regional yaxınlaşma üçbucağının təməli qoyulur – ŞƏRH

Təhlil

16.04.2025 14:33

76

“Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelaşvili ilk səfərini Azərbaycana edir. Onun xüsusi olaraq Azərbaycanı seçməsi böyük əhəmiyyət kəsb edir. Diplomatik ənənələrə görə, ilk səfər həmin ölkə ilə tərəfdaşlığın göstəricisidir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana ilk səfərin təşkili mühüm önəm daşıyır:

“Gürcüstan hazırda mürəkkəb vəziyyətdən keçir. Bir tərəfdən Gürcüstanı ələ almağa çalışan qüvvələr var, digər tərəfdən isə Gürcüstan öz milli dəyərlərinə sahib çıxmağa çalışır. Burada bir neçə ay öncə parlament seçkiləri, daha sonra isə prezident seçkiləri keçirildi. Bu hadisələr fonunda Gürcüstanda ciddi qarşıdurmalar baş verdi. Qərbin dəstəklədiyi fondlar və QHT-lər bir çox qüvvələri meydanlara çıxardı. Polis və mitinq iştirakçıları arasında qarşıdurmalar yaşandı. Onlar hətta bütün dünyanı Gürcüstan hökumətini qeyri-legitim saymağa çağırdılar. Lakin Gürcüstan qətiyyətli addımlarla bu planların reallaşmasına imkan vermədi və Avropa İttifaqı içindəki anti-Gürcüstan qüvvələrin planlarını ifşa etdi. Beləcə Gürcüstan bu kəskin mühitdən çıxmağı bacardı. Lakin hələ də Gürcüstanı ələ almağa çalışan qüvvələr aktiv şəkildə fəaliyyətlərini davam etdirirlər”.

Ekspert Gürcüstanın region dövlətləri ilə yaxınlaşma siyasətinə diqqət çəkib:

“Belə olan halda Gürcüstan nümayiş etdirir ki, bu dövrdə nə Moskva, nə də kollektiv Qərb kimi böyük güclərin toqquşmasında qalmaq istəyir. Daha çox regional inkişafa və qonşu dövlətlərlə, region ölkələri ilə münasibətlərin inkişafına üstünlük verir. Xüsusilə Azərbaycanın ilk səfər edilən ölkə olması bunun ən mühüm göstəricilərindəndir. Bakı ilə yaxınlaşma Gürcüstan üçün Ankara ilə də yaxınlaşmaq üçün bir vasitədir. Belə olduqda Ankara-Bakı-Tiflis arasında regional yaxınlaşma üçbucağı qurularsa, bu həm beynəlxalq, həm də regional enerji platformalarında mühüm rol oynaya bilər. Gürcüstan Azərbaycanın regionda sürətlə inkişaf etdiyini, itirilmiş torpaqlarını qaytardığını, Qərbin və digər qüvvələrin oyunlarına qarşı ayıq-sayıq olduğunu yaxından görür və bu, Tiflisi maraqlandırır”.

Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu, prezident seçildikdən sonra onun ilk xarici səfəridir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib, ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. 

Qiymət Mahir

tag: Kazım Kazımov,Politoloq,Azərbaycan,Gürcüstan,Todaypress.az,

photo