Kartlar açıldı: “ABŞ Rusiyanı Çinə qarşı istifadə edəcək” – ŞƏRH

Təhlil

10.02.2025 14:06

2537

“ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk görüş məhsuldar keçməlidir və bunun üçün də doğru zaman yetişməlidir”.

Siyasi şərhçi Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib. 

O xatırladıb ki, Tramp prezident seçkilərində kampaniya apardığı müddətdən Vladimir Putinlə görüşəcəyini və Ukrayna müharibəsinin sülh yolu ilə həll ediləcəyini bəyan edir:     

“Tramp prezident seçildikdən sonra münaqişəni tez bir zamanda həll edəcəyini deyirdi. Hətta utopik bir zaman da səsləndirmişdi ki, məhz bu müddətə Ukrayna müharibəsini həll edəcək.  Tramp və Putin arasında ilk görüş məhsuldar keçməlidir və bunun üçün də doğru zaman yetişməlidir. Bəs doğru zaman nə zamandır? ABŞ bu məsələdə Rusiyaya çox da güzəştə getmək istəmir. Ukraynanı sülhə məcbur edəcək, amma mövqelərini tamamilə itirməsini istəmir. Buna görə çalışacaqlar ki, rus qoşunları Ukraynada müəyyən çətinliklə üzləşsin, itki versinlər ki, Rusiyanı ABŞ-yə daha sərfəli olan sülhə məcbur etmək mümkün olsun. Yalnız bundan sonra iki tərəf arasında görüş keçirilə bilər”.

Analitik Çin Prezidenti Si Cinpinin Moskvaya səfəri və Qələbə Paradında iştirak edəcəyi ilə bağlı məsələyə toxunub. O, ehtimal edir ki, Tramp və Putin arasında görüş Çin liderinin Moskva səfərindən sonra baş tutacaq. Çünki ABŞ Rusiyanı Çinə qarşı istifadə etmək niyyətindədir: 

“Rusiya artıq öz seçimini etməlidir. Əgər ABŞ-dən yana seçim edərsə, ABŞ-Rusiya münasibətləri normallaşa bilər. Bu halda Ukrayna müharibəsi müəyyən qədər Rusiyanın xeyrinə həll edilə bilər”.

Ekspert digər önəmli məsələ kimi Trampın Ukraynaya yeraltı sərvətlərlə bağlı təklif göndərib, zəngin mineral ehtiyatlarını istəməsini qeyd edib:       

“Zelenski hökuməti buna razı olarsa, burada da Ukraynaya müəyyən mənada güzəştə gediləcək. Tramp bu məsələdə "alış-veriş" edir və özünə sərf edən vaxtda Putinlə görüşəcək”.   

Qiymət Mahir

tag: Çin,Ekspert,Zeynal Əmrəliyev,Putin,Tramp,Todaypress.az,

photo