Kallasın Azərbaycana səfəri: “O, sələfinin səhvlərini təkrarlamaq istəmir...”

Təhlil

26.04.2025 15:45

19

“Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sələfi Cozef Borrellin səhvlərini təkrarlamaq istəmir”. 

TodayPress xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Borrell açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış etdiyinə görə Bakıya səfər edə bilmirdi.

Kallas isə görüş zamanı Aİ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarından danışıb. 

“Azərbaycan da ittifaqla əməkdaşlığın davamını istəyir. Aİ rəsmi Bakı üçün əhəmiyyətli bazardır. Eyni zamanda böyük ehtimalla ittifaqın Ermənistandakı müşahidəçi missiyasının fəaliyyətinin Azərbaycanda narazılıq yaratdığı Kallasın diqqətinə çatdırılıb”.

Analitik vurğulayıb ki, Kaya Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Aİ üçün əhəmiyyətli tərəfdaş adlandırıb.

“Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz” deyən Kaya Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə bildirib. 

“Bütün bunları Kaya Kallasdan əvvəl bu vəzifəni daşıyan Cozef Borrelldən eşitməmişdik. Kallas, minatəmizləmə işlərində də Aİ-nin Azərbaycana kömək etmək istədiyini bildirib. Bundan başqa, ali nümayəndə ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb”. 

Mərkəz rəhbərinin qənaətincə, Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. 

“Əsas odur ki, Avropada bu planlara əngəl törədən olmasın” deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşü baş tutub. Bu səfər, Kallasın Azərbaycana ilk səfəridir. 

Xatırladaq ki, Aİ-nin ali nümayəndəsinin ən son belə səfəri 9 il əvvəl - 2016-cı ilin fevral ayında baş tutub. O zaman müvafiq vəzifəni italiyalı diplomat Federika Mogerini icra edib. O, hazırda Avropa Kollecinin rektorudur. 

Töhfə Səməd

tag: Elxan Şahinoğlu,Politoloq,Kaya Kallas,Azərbaycan,Todaypress.az,

photo