“İsrailin qələbəsindən danışmaq tezdir”: İranın Təl-Əvivin mesajina cavabı nə olacaq? - RƏY
Təhlil
31.07.2024 12:23
“7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumları ilə başlanan savaş bu gün tam gücü ilə davam edir”.
Bu sözləri TodayPress-ə danışan politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, hücumlar başlanan gün İsrail hakimiyyəti sərt açıqlamalar verərək bildirdi ki, Qəzza bölgəsində HƏMAS-ı yerlə-yeksan edəcək. O dövrdən indiyə qədər aparılan əməliyyatlar nəticəsində rəsmi Təl-Əviv demək olar ki, bu gün öz hədəflərinə çatmaqdadır. Belə ki, HƏMAS-ın hərbi qüvvələrinin artıq 4-də 3-ü sıradan çıxarılıb. Qəzzanın əhəmiyyətli bir hissəsi isə İsrailin tabeliyinə keçib:
“İsrailin uzun illərdir ki, tətbiq etdiyi müəyyən taktika var: İsrailə qarşı olan dəstələrin, terrorçu qüvvələrin ən önəmli şəxslərini ayrı-ayrılıqda sıradan çıxarmaq. Zaman-zaman biz bu taktikanın nəticələrini görürük. Yaxın keçmişdə HƏMAS-ın Qəzza ərazisində, Livanda və digər yerlərdə önəmli şəxslərinin dəqiq zərbələrlə öldürüldüyünün şahidi olduq”.
Oqtay Qasımov əlavə edib ki, İsmayıl Haniyənin İsrail tərəfindən ortadan götürülməsi olduqca böyük hadisədir. Çünki Haniyə HƏMAS-ın iki əsas liderindən biri hesab olunurdu, siyasi büronun rəhbəri idi. Bir çox dövlətlərlə aparılan danışıqlar məhz onun vasitəsilə həyata keçirdi. Onun ölümü HƏMAS üçün ağır psixoloji itki oldu. Lakin hələlik İsrailin qələbəsindən danışmaq tezdir. Çünki məlum hadisə bundan sonra baş verəcəkləri daha da radikallaşdıracaq:
“Sözsüz ki, bu, İsrail tərəfindən həyata keçirilən böyük bir əməliyyat kimi dəyərləndirilməlidir. Lakin İsmayıl Haniyənin öldürülməsi qəti qələbə sayılmamalıdır. İsrail əslində bununla İrana da bir mesaj vermiş oldu. Düşünürəm ki, rəsmi Təl-Əviv məhz bunu hədəfləmişdi. Bundan başqa HƏMAS rəhbərinin öldürülməsi danışıqlar prossesinə də ciddi zərbə oldu. Bu o deməkdir ki, tərəflərin dəyirmi masa arxasında oturması qeyri-müəyyən bir müddətə təxirə salındı”.
Qeyd edək ki, İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olub. Onun dəfn mərasimi də elə Tehranda keçiriləcək.
Töhfə Səməd
tag: HƏMAS,Livan, Haniyə, Oqtay Qasımov, Qəzza, Terror, todaypress.az,