İsrail HƏMAS qarşıdurması nə vaxt sona çatacaq? – Politoloq AÇIQLADI
“İsrail ilə HƏMAS arasındakı atəşkəsin pozulacağı gözlənilən idi”.
Politoloq Oqtay Qasımov bunu Qəzzada döyüşlərin yenidən başlamasını TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, atəşkəs əldə olunandan sonra tərəflərin verdiyi açıqlamalar və prosesin gedişatı növbəti qarşıdurmanı qaçınılmaz edib.
“Həmin proses artıq başlayıb. Lakin bu əməliyyatlar bir müddət davam etdikdən sonra yenidən dayana bilər. “Çünki ilk dəfə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəs əldə olunub. İndi Vaşinqton bu atəşkəsin pozulmasında maraqlı deyil və tərəflər arasında yenidən razılaşmanın əldə edilməsinə çalışacaq”.
O.Qasımov diqqətə çatdırıb ki, İsrail HƏMAS-a çox ciddi zərbələr endirsə də, onu hələki tamamilə çökdürə bilməyib.
“İsrailin istəyi tam formada həyata keçmədi. Ona görə də prosseslər hələ bir müddət bu qaydada davam edəcək. Lakin əvvəlki miqyasda olmayacaq. Çünki Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı planları başqadır. Bu baxımdan atəşkəsin qısa zamanda olacağı da inandırıcı deyil”.
Qeyd edək ki, martın 18-də İsrail vasitəçilərə Qəzza zolağında atəşkəsi tətbiq etməkdən imtina etdiyini açıqlayıb. Yenidən başlayan qarşıdurmalar nəticəsində yüzlərlə ölü və minlərlə yaralı var.
Töhfə Səməd
tag: Oqtay Qasımov,Politoloq,İSrail,HƏMAS,Qarşıdurma,Todaypress.az,
