İrəvandakı “Rus evi” bağlanacaq? – “Paşinyanın qarşısında iki yol var...” – TƏHLİL

Təhlil

17.02.2025 12:11

“Bakıda fəaliyyəti dayandırılan “Rus evi” kimi, İrəvandakı “Rus evi” də Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb”.

TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, “Rus evləri” Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir: 

“İrəvandakı “Rus evi”nin daha bir fəaliyyət istiqaməti var. Bu mərkəz İrəvandakı Qərb mərkəzləri ilə açıq və gizli mübarizə aparır. İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fefilov bunu gizlətmir. O, müsahibələrinin birində “kollektiv Qərbin” İrəvanda xeyli mərkəzinin fəaliyyətindən bu şəkildə şikayət edib: “Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər (guya İrəvandakı “Rus evi” Rusiya səfirliyindən təlimat almır). “Qərb mərkəzlərinin fəaliyyəti erməni identikliyinə qarşıdır”. Bu sözlər açıq-aşkar Ermənistan hökumətinə qarşıdır. Çünki, Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb”. 

Ekspert “Sputnik Ermənistan” agentliyinin də fəaliyyətinin bu istiqamətdə olduğunu qeyd edib: 

“Sputnik Ermənistan” agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələrə və Qarabağ separatçılarına informasiya dəstəyi verir. Nikol Paşinyan Bakıda “Rus evi”nin bağlanması və “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin məhdudlaşdırılması qarşılığında iki yoldan birini seçə bilər. Birinci yol Azərbaycan kimi Ermənistanda da “Rus evi” və “Sputnik Ermənistan”ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını daha bir az məhdudlaşdırmış olacaq. İkinci yol, əksinə Rusiyanın adı çəkilən iki mərkəzinin fəaliyyətini davam etdirmələrinə şəraitin yaradılmasıdır”. 

Politoloq vurğulayıb ki, bu halda İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək. Ancaq bu yolun Paşinyan və onun komandası üçün faydası yoxdur. Çünki, Kreml “Rus evi” və “Sputnik”ləri vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək.

Qiymət Mahir 

tag: Rus evi,Rusiya,ABŞ,Qafqaz,Bakı,İrəvan,Todaypress.az,

photo