İrəvan Bakının şərtini qəbul etdi: Sülh sazişi ilə bağlı MÜHÜM İRƏLİLƏYİŞ
Təhlil
05.07.2024 14:43
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına “əngəl olan daha bir maneəni aradan qaldırmaq” yönündə açıqlama verib. O, Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.
Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Tofiq Abbasovun sözlərinə görə, hazırda Ermənistanda buna görə ciddi narahatlıq var. Onun fikrincə, Ermənistanın siyasi elitası bu günə qədər nifrət, müharibə və qarşıdurma siyasəti aparıb. Lakin bunun qarşılığında onlar Azərbaycanın gücü ilə qarşılaşdılar. Nəticədə onlar diz çökdülər və reallığı gördülər:
“Lakin Ermənistanın düşünən beyinləri bir məqamı özlərində aydınlaşdırmalıdırlar ki, həmin konstitusiyada və dövlət müstəqilliyi haqqında aktın tərkibində lazımsız, tikanlı müddəaların olması məhz Ermənistanın özünün inkişaf yolundakı “əyləc” rolunu oynayır. Həmin müddəaları oradan təmizləsələr, o zaman bəlli olacaq ki, bəli, erməni cəmiyyəti artıq reallığa və sağlam məfkurəyə doğru dönüş edir. Ancaq bunu etməsələr, heç vaxt o məngənədən çıxa bilməyəcəklər, dalanda ilişib qalacaqlar”
Politoloq İlyas Hüseynov isə bildirib ki, konstitusiyanın dəyişdirilməsi Ermənistanın sülh prosesinə nə qədər hazır olduğunu nümayiş etdirəcək.
“Konstitusiya ilə yanaşı, ATƏT-in Minsk qurupu da buraxılmalıdır. Çünki hazırki reallıqlarla uyğunlaşmır. Bunun üçün də Ermənistanın hakimiyyət nümayəndələri siyasi iradə göstərməlidir. Çünki dövlətin öz tərkibindəki müxaliflər və onların havadarları regionda sülh və əmin-amanlığın əldə olunmasına maneə törədirlər”
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı təbrik məktubunda ölkəsinin konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.
Töhfə Səməd
tag: Ermənistan, Paşinyan, Tofiq Abbasov, İlyas Hüseynov, Xalq, Konstitusiya, ATƏT, todaypress.az,