İranın yeni MÜHARİBƏ STRATEGİYASI: ABŞ və İsrail təhdidinə qarşı “Müqavimət paktı” - ŞƏRH
Təhlil
09.10.2024 12:30
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Yaxın Şərqdə bir sıra ölkələr ilə “Müqavimət paktı”nın bağlanması üçün qanun layihəsi üzərində işləyir. Qeyd olunur ki, bu müqavilə ABŞ və ya İsrailin müqavilə tərəflərindən birinə hücum edəcəyi təqdirdə hərbi və iqtisadi yardımın göstərilməsini, hərbi əməliyyatların əlaqələndirilməsi və təlimlərin keçirilməsi üçün operativ qərargahın yaradılmasını nəzərdə tutur.
Politoloq Əhəd Məmmədli bu barədə TodayPress-ə danışarkən bildirib ki, İran “Müqavimət paktı”nı əsasən körfəz ölkələri ilə bağlamağı düşünür. Çünki onların hamısı ilə problemi var:
“Çox güman ki, bu pakta əmirliklər, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Yəmən, Oman qoşulacaq. Ərəb monarxiyaları ilə indidən razılaşmaq istəyir ki, əgər İrana qarşı Amerika və ya İsrail tərəfindən hansısa hücum olsa, onların əraziləri bu məqsədlə istifadə edilməsin. Bu məsələ daha öncə də gündəmdə var idi. İran bu istiqamətdə addımlar atırdı. İran rəsmiləri ilə Ərəb Əmirlikləri arasında görüşlər olmuşdu. İran təhlükəsizlik baxımından doğru addım atır. Bunu bacarıb bacarmayacağı isə hələ bəlli deyil. Ola bilsin gələcəkdə bu yöndə Azərbaycana da müraciət etsin”.
Politoloq Tofiq Abbasov isə TodayPress-ə açıqlamasında bildirib ki, İran baş verən bütün son hadisələri nəzərə alaraq hərbi pakt yaradılmasına qərar verib:
“İran müqavimət paktını yaratmaqla ilk növbədə Fələstin xalqının haqlarını qorumaq istəyir. İsrail bölgədə təhlükəli oyuna qatılıb. Çox təəssüf ki, BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən ölkə rəhbərlərinin açıqlamaları heç bir nəticə vermədi. Bölgədə vəziyyət gərgin olaraq qalır. Burada böyük dövlətlər hər şeyi öz bildikləri kimi edirlər ki, hegemonluq estafeti əllərindən çıxmasın. Bu yolverilməzdir. İran qısa zaman ərzində “Müqavimət paktı”nı bağlasa, bölgədə müəyyən mənada tarazlıq formalaşacaq və proseslərə bir qədər ümidverici stiuasiya yaranacaq”.
Ekspertlərin fikrincə, İranın öz təhlükəsziliyini qorumaq üçün “Müqavimət paktı” bağlaması ərəb ökələrinə də sərf edir. Çünki əksi olan halda İran da onların ərazilərinə raket zərbələri endirə bilər.
Günəş Mərd
tag: İran, Azərbaycan, BMT ,İsrail,todaypress.az,