İranın yanlış məsləhəti: “Xameneinin nə deməsi önəmli deyil” - Politoloq açıqlaması

Təhlil

31.07.2024 14:09

“İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikir Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirə bilməz”. 

Bunu politoloq Natiq Miri, Əli Xameneinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə səsləndirdiyi “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün zərərlidir və İran buna qarşıdır” fikrini TodayPress-ə şərh edərkən bildirib. 

Onun sözlərinə görə, İran boynunu aşan açıqlamalar verir. Ermənistan Zəngəzur dəhlizinin Azərbaycanın şərtləri və qarşılıqlı anlaşma çərçivəsində açılmasına qərar verərsə, İran heç nə edə bilməyəcək: 

“İran guya Ermənistanın mənafeyini düşünərək bu cür ifadələr işlədir. Əslində dolayısı ilə Tehranın bu məsələyə qarşı olduğunu göstərmək istəyir. Çünki Zəngəzur dəhlizi açılmadığı təqdirdə belə bir beynəlxalq dəhlizin, nəqliyyat kommunikasiya sisteminin məhz İran üzərindən reallaşdırılması aktuallaşır. Bu həm İranın geosiyasi əhəmiyyətini artıracaq, həm də ona malliyyə qazandıracaq. Ona görə Xamenei bu cür açıqlama verib”.

Politoloqun qənaətincə, Paşinyan da İranın bu niyyətini anlayır və yekun qərarı özü verəcək: 

“Paşinyan bu məsələdə sadəcə İranın istəyi ilə deyil, Ermənistanın, eləcə də havadarlarının geosiyasi maraqları kontekstində qərar verəcək. Sadəcə zamanını gözləyir. Ona görə də Xameneinin nə deməsi önəmli deyil. Azərbaycan-Ermənistan münasibətləri İranın istəyi ilə formalaşmayacaq. Çünki bu münasibətləri artıq İran deyil, Azərbaycan-Ermənistan rəhbərliyi, həmçinin bilavasitə Ermənistana müəyyən təsir imkanları olan Qərb dünyası tənzimləyir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İranın ali lideri Əli Xamenei ilə görüşüb. Xamenei bildirib ki, İran hələ də “Zəngəzur dəhlizi” ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir.  

Günəş Mərd

tag: Ermənistan, tehran, Azərbaycan, Paşinyan, İran,Natiq Miri, todaypress.az,

photo