İranın növbəti məğlubiyyəti: Zəngəzur dəhlizinə alternativ Lapis-Lazuli

Təhlil

26.11.2024 15:38

“Lapis-Lazuli dəhlizi heç bir ölkəyə qarşı yönəlməyib”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, burada əsas məqsəd Əfqanıstanla Pakistanı daha sərfəli və təhlükəsiz yolla Avropa ilə birləşdirməkdir: 

“Bu həm Avropanın, həm də həmin ölkələrin xeyrinədir. Azərbaycan isə burada açar rolunu oynayır. Bildiyimiz kimi Əfqanıstanla Pakistan strateji zonada yerləşirlər və demək olar ki, onlar Hindistana açılan qapılardır. Ona görə Çin üçün də mühüm əhəmiyyət kəsb edirlər. Bu səbəbdən bura təhlükəsiz yolla getmək Avropa dövlətlərinin də marağındadır”. 

Analitik vurğulayıb ki, qarşılıqlı əməkdaşlıq əsasında həyata keçiriləcək bu layihə hər bir tərəfə, xüsusilə tranzit ölkə olaraq Azərbaycana onunla yanaşı, Türkmənistana və Avropa ölkələrinə böyük xeyir gətirəcək. 

Politoloq Əhəd Məmmədli isə TodayPress-ə açıqlamasında Lapis-Lazuli dəhlizinin Azərbaycanın Əfqanıstanla münasibətlərinin düzəldilməsi müsbət irəliləyiş olduğu deyib: 

“Azərbaycanın Amerikaya qalib gəlmiş Talibanla münbasibətləri düzəltməsi olduqca təbiidir. Dünyada hər zaman güclüyə hörmət edirlər. Azərbaycan da belə bir ölkə ilə niyə münasibətləri düzəltməsin?! İranın Ermənistanı Azərbaycana qarşı istifadə etdiyi kimi, Azərbaycan da Əfqanıstanı İrana qarşı istifadə etməlidir. Azərbaycan Əfqanıstanla dostluqdan Hindistana qarşı da istifadə edə bilər. Qoy Hindistan da Ermənistana az dəstək verməli olduğunu anlasın. Bu dəhlizin super strateji əhəmiyyəti yoxdur, sadəcə əlaqələrin genişləndirilməsinə xidmət edir. Əfqanıstan gələcəkdə Şərqin əhəmiyyətli dövlətinə çevrilə bilər. Ona görə Azərbaycan indidən Əfqanıstanla sağlam münasibətlər qurmalıdır”.

Qeyd edək ki, “Khabar Online” nəşri yazıb ki, Əfqanıstan və Azərbaycan Lapis-Lazuli dəhlizinin yaradılması ilə bağlı razılığa gəliblər. Bildirilir ki, İrandan yan keçən və Zəngəzur dəhlizinin əhəmiyyətini gücləndirən layihə İranın dəhliz rəqabətini uduzması kimi qəbul olunur. 

Xatırladaq ki, 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizinə dair müqavilə imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. 

Günəş Mərd

tag: Türkmənistan, Gürcüstan, Azərbaycan, Pakistan, Avropa, İran, todaypress.az,

photo