İrandakı seçkilər nəyi dəyişəcək? – POLİTOLOQ RƏYİ

Təhlil

03.06.2024 12:06

Bu gün İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması başa çatır. İndiyədək 37 namizəd qeydə alınıb. Onların arasında İran siyasi elitasının nümayəndələri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.

Bəs İranda yeni prezidentin seçilməsi rəsmi Tehranla Bakı arasında münasibətlərə necə təsir göstərəcək?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bu barədə TodayPress-ə danışıb. Onun sözlərinə görə, İranda prezidentin dəyişməsi Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərməyəcək:

“İranın Azərbaycana münasibətini bütövlükdə Tehran hakimiyyətinin Azərbaycana münasibəti  kimi dəyərləndirmək lazımdır. Bu məsələdə prezidentlər sadəcə icraçıdırlar. Onlar bu münasibətləri nə korlamağa, nə də daha yaxşı olmasına cəhd edə bilərlər. Buna İran konstitusiyası yol vermir. Çünki İranda hakimi mütləq İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi və onun nəzarəti altında olan dövlət idarəetmə institutları əsasən də nəzarət şurasıdır. Bu baxımdan İranda kimin prezident seçilməsindən aslı olmayaraq, bunun rəsmi Bakı ilə münasibətlərə mənfi və ya müsbət təsir olmayacaq”.

Siyasi şərhçi İranda prezidentliyə namizədlərə diqqət çəkib:

“Hələki namizədlərin adı tam açıqlanmayıb. 37 nəfər iddiaçı var. Onlardan 15-i qadın 22-si kişidir. İyunun 12-nə qədər Xamneyinin nəzarətində olan nəzarət şurası onları araşdıracaq, saf-çürük edəcək. Sonra həmin namizədlərin adları açıqlanacaq. Yalnız ondan sonra prezidentliyə kimin daha çox şansı olacağı haqqında fikir bildirmək olar”.

Qeyd edək ki, iyunun 12-27-dək seçkiqabağı təbliğat-təşviqat kampaniya olacaq. İyunun 28-də isə növbədənkənar 14-cü prezident seçkisi keçiriləcək. 

Günəş Mərd

tag: İran, Seçki, Namizəd, Sədrəddin, Soltan, todaypress.az,