İran və Rusiya razılaşdı: Daşınan silah-sursat bölgə üçün hansı təhdidlər yaradacaq? – ŞƏRH
Təhlil
13.01.2025 18:01
“Rusiya və İran arasında imzalanmış 47 maddəlik yeni müqavilənin əsas hissəsini hərbi məsələlər əhatə edir”.
Bunu TodayPress-ə danışan politoloq Qədir Aslan bildirib.
Burada İranın geostrateji yerindən və potensialından istifadə etmək, həmçinin iqtisadi məsələlərdə Rusiyaya qarşı yönəlmiş sanksiyalarda rəsmi Tehranın dəlici rol oynaya bilməsi məsələləri yer alıb. Bu 3 istiqamət yeni müqvilənin əsaslarını təşkil edir.
“Ümumiyyətlə Rusiya hazırkı vəziyyətdə hansı ölkə ilə strateji müqavilə imzalayırsa, bu məsələləri ön planda tutur. Buna nümunə kimi Şimali Koreyanı göstərmək olar. İndi rəsmi Moskva yollar axtarır ki, neft və qazını paralel import vasitəsilə necə sanksiyalardan yayındıra bilər. Bundan başqa, Rusiya üçün həmin ölkənin yerləşdiyi coğrafiyanın strateji dərinliyi də olduqca vacibdir”.
Analitikin fikrincə, bu müqavilə qismən də olsa, Azərbaycanı maraqlandırır. Çünki rəsmi Bakı tam ortada yerləşir, həmin yardım və müqavilə daxilində olan qarşılıqlı mübadilə alətləri Xəzər üzərindən daşınır.
“Onlar Abşeron yarımadasının bir neçə kilometrliyindən keçəcəklər. Bu zaman daşınan silah-sursatın Azərbaycana qarşı hər hansısa təhdid yaratması ehtimalı var. Təbii ki, bu, 100% belə olacaq demək deyil. Lakin bütün ssenarilərə hazır olmaq lazımdır” deyə o, nitqini sonlandırıb.
Qeyd edək ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali iki ölkə arasında müqəddimə və 47 maddədən ibarət hərtərəfli əməkdaşlıq sazişi imzalandığını açıqlayıb. O bildirib ki, anlaşma ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir və onun hazırlanmasında tarazlıq və müstəqilliyin qorunması, ölkənin ərazi bütövlüyünə hörmət nəzərə alınıb.
Töhfə Səməd
tag: Rusiya, İran, Coğrafiya ,Qədir Aslan, todaypress.az,