İran-İsrail toqquşmasında RUSİYA İZİ: “Kreml son kartını işə salır” - ŞƏRH

Təhlil

02.10.2024 15:15

“İran və İsrail arasında hərbi toqquşmaların baş verməsi hazırda Rusiyanın da maraqlarına cavab verir”. 

Politoloq Elçin Xalidbəyli bunu, Yaxın Şərqdə baş verən son vəziyyəti TodayPress-ə şərhində deyib.  

Onun sözlərinə görə, kollektiv Qərbin, o cümlədən, ABŞ-nin əsas diqqəti Yaxın Şərqə - İsrail-İran silahlı münaqişəsinə yönəlsə, Ukrayna məsələsi ikinci plana keçə bilər:

“Böyük ehtimalla Kremldə İsrail və İran arasındakı hər hansı gərginləşmə məmnunluqla qarşılanır. Hadisələr bu istiqamətdə inkişaf edərsə, ABŞ və Qərbin iki istiqamət üzrə - Ukrayna və İsrailə paralel şəkildə dəstək verməsi o qədər də asan olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, İsrailə münasibətdə Qərbin yanaşma tərzində kifayət qədər mövqe parçalanmaları var.  Bu, kollketiv Qərbin daxilində münasibətlərin gərginləşməsinə səbəb ola biləcək məsələdir. Bu da təbii ki, Rusiyaya sərf edəcək. Rəsmi Moskva son açıqlamasında İsrailin Livana hərbi müdaxiləsini sərt şəkildə qınayıb və dərhal Livan ərazisindəki İsrail qoşunlarının çıxarılmasını tələb edib. Bu da onun prosesi özünə uyğun şəkildə dəyərləndirmək istəməsini bir daha göstərir”. 

Analitik hesab edir ki, Yaxın Şərqdəki münaqişə artıq öz arealını genişləndirərək daha geniş ərazilərə yayılır. İsrailin Livana hərbi müdaxiləsindən sonra hadisələr nəzarətdən çıxmağa başlayıb. Digər dövlətlərin də bu savaşa qatılması gözlənilir. Əgər proses indiki istiqamətdə inkişaf edərsə, qlobal savaş başlaya bilər. Hazırda Yaxın Şərq regionu öz tarixinin ən təhlükəli mərhələsinə qədəm qoyub.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də İranda səfərdə olub. O, Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb. Tərəflər arasında hansı mövzuların müzakirə olunduğu açıqlanmır.

Günəş Mərd

tag: İsrail, İran, Yaxın Şərq, ABŞ, Ukrayna ,todaypress.az,

photo