İran-Ermənistan təlimləri nəyə hesablanıb? – FAKTLAR AÇILDI
"İran Azərbaycanla əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, rəsmi Tehran Bakıya qarşı ikili siyasət yürüdür".
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bunu İran və Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 9-10 aprel tarixlərində birgə hərbi təlim keçməsi ilə bağlı TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, keçirilən təlimlər məhz anti-Azərbaycan kursunu tutub.
"Tehran 5 ildir ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına qarşıdır və bu istiqamətdə addımlar atır. İran rəsmilərinin Azərbaycana mütəmadi gəlmələri və bu ölkənin prezidentinin gözlənilən səfəri fonunda Ermənistanla hərbi təlimlərin keçirilməsi, səfərin Tehranda mühafizəkarlar tərəfindən sabotaj edilməsidir. İranın mühafizəkar dairəsi prezident Məsud Pezeşkianın Azərbaycanla normal siyasət qurmasını istəmir".
Analitik bildirib ki, bir tərəfdən İran prezidentinin administrasiyasının rəsmiləri İran ərazisindən keçəcək yolun inşası ilə bağlı Azərbaycan rəsmiləri ilə Zəngəzurun cənub hissəsində birgə baxış keçirir, digər tərəfdən də mühafizəkar kəsimə tabe olan SEPAH Ermənistanla "təlim"lər keçirir. Bu, onu göstərir ki, İranda Azərbaycana qarşı ikitirəlik siyasət var.
"Belə olan təqdirdə prezident Pezeşkianın Azərbaycan səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi töhfə verməyəcək. Buna baxmayaraq, iki ölkə arasında ortaq layihələrin həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlər əldə ediləcək. Çünki, İrana qarşı artan sanksiyalar fonunda Azərbaycanla ortaq layihələrin inkişafına ehtiyac duyulur".
Qeyd edək ki, rəsmi məlumatlara görə, müvafiq təlim Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə tədbirləri əhatə edir.
Töhfə Səməd
tag: Məhəmməd Əsədullzadə,Politoloq,İran,Ermənistan,Təlim,Todaypress.az,
