İlyas Hüseynov: “Roma statutu Ermənistana kömək edə bilməyəcək”

Təhlil

09.01.2025 13:26

“Ermənistanın hətta Rusiya tərəfindən riskləri də gözə alaraq Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi indi öz mahiyyətini daha aydın büruzə verir”.

Politoloq İlyas Hüseynov bunu Ermənistanın tanınmış videobloqeri Albert İsakovun “YouTube” kanalında yayımlanan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüş videosunu TodayPress-ə şərh edərkən bildirib.  

Onun sözlərinə görə, Ermənistanın Roma statutunu ratifikasiya etməsinin əsas məqsədlərindən biri Azərbaycanlılara qarşı törətdikləri vəhşilikərin ortaya çıxacağı zaman özləri üçün hüquqi immunitet qazanmaq istəyi olub: 

“Sözügedən videoda səsləndirilən fikirlər Ermənistanın eks-prezidentləri – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın faşist ideologiyasına xidmət etdiklərini təsdiqləyir. Bütün faktlar ortadadır. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı vəhşiliklər törədilib  və buna hüquqi qiymət verilməlidir. Ermənistan Azərbaycan tərəfinə qarşı törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. Qərbi Azərbaycanlıların öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı icra olunmalıdır. Azərbaycan tərəfinin istəyi budur”. 

Politoloq diqqətə çatdırıb ki, bundan sonra Roma statutu Ermənistana kömək edə bilməyəcək.

Xatırladaq ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu 2023-cü ilin 3 oktyabr tarixində ratifikasiya edib.

Günəş Mərd

tag: Roma ,Status ,İlyas Hüseynov, Ermənistan, todaypress.az,