Hindistan-Pakistan gərginliyi: Qarşıdurma müharibəyə çevrilir?
“Hindistan və Pakistan arasında baş verən son insidentin arxasında bəzi qlobal güclərin maraqları dayanır”.
Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, hadisənin Pakistan tərəfindən törədildiyi iddia edilsə də, bu cür təxribatlar Pakistan dövlətinin rəsmi maraqları ilə üst-üstə düşmür.
“Böyük təxribatın geopolitik fonu regiondakı sabitliyi pozmağa və diqqəti digər qlobal münaqişələrdən yayındırmağa yönəlmiş ola bilər. Bu kontekstdə bir neçə əsas qlobal gücün mövqeyini xatırlamaq lazımdır. Məsələn, hazırda Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər həyata keçirir və yenidən hərbi əməliyyatların başlaması ehtimalı real görünür. Belə bir kritik mərhələdə Hindistan və Pakistan arasında münaqişə alovlanarsa, beynəlxalq diqqət Çin-Tayvan böhranından yayına bilər. Bu isə Pekinin maraqları ilə üst-üstə düşür”.
Analitik digər bir nümunə kimi Rusiya-Ukrayna müharibəsindəki durğunluğu göstərib:
“Hazırda Ukraynada vəziyyət dalana dirənib və bu, ABŞ prezidenti Donald Tramp administrasiyası üçün qəbuledilməzdir. Vaşinqton, yaxın zamanda atəşkəs əldə olunmasa, vasitəçilikdən çəkilə biləcəyini bəyan edib. Yeni bir münaqişə ocağının yaranması, Ukrayna müharibəsinin qlobal informasiya gündəmində arxa plana keçməsinə səbəb ola bilər. Bu isə Kreml üçün əlverişli şərait yaradacaq.
Politoloq xəbərdarlıq edib ki, əgər Hindistan və Pakistan bu hadisəyə rasional və diplomatik yanaşmasalar, qarşıdurma hərbi münaqişəyə çevrilə bilər.
O hesab edir ki, Pakistan Hindistana qarşı dayanıqlı müqavimət göstərə biləcək gücdədir. Hazırda gedən hazırlıqlar da məhz buna hesablanıb. Lakin bu vəziyyətin regionda daha genişmiqyaslı qarşıdurmaya səbəb olmaması üçün beynəlxalq ictimaiyyətin də fəal və balanslaşdırılmış mövqe sərgiləməsi zəruridir.
Qeyd edək ki, aprelin 22-də Kəşmirdə baş verən atışma Hindistan və Pakistan arasında gərginliyə səbəb olub. Bunun ardınca Pakistan ordusu hərbi təlimlərə başlayıb.
Hindistan Hərbi Hava Qüvvələri də cavab olaraq Pakistan sərhədinə yaxın ərazidə "Su-30", “Rafale” qırıcıları və “Surat” esminesinin iştirakı ilə genişmiqyaslı təlim keçirib.
İddia edilir ki, iki ölkə arasında gərginlik artmaqda davam edir və tərəflər mümkün toqquşmaya hazırlaşırlar.
Töhfə Səməd
tag: Natiq Miri,Politoloq,Hindistan,Pakistan,Todaypress.az,
