Hindistan-Pakistan gərginliyi PİK HƏDDƏ: Kim itirəcək?
“Pakistan və Hindistan nüvə dövlətləridir. Hər nə qədər nüvə silahından istifadə etməməyə söz versələr də, müharibə zamanı hər şey ola bilər”.
Politoloq Əlimusa İbrahimov bunu TodayPress-ə danışarkən deyib.
O, son günlər Hindistanla Pakistan arasındakı münaqişənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
“Tərəflər bir-birinə top və raket atıb, şəhərləri atəşə tutublar. Dinc əhali arasında ölənlərin olduğu barədə də məlumatlar verilir. Pakistan tərəfi Hindistanın 5 qırıcı təyyarəsini vurub. Hadisələrin yüksələn xətlə inkişaf edəсəyi proqnozlaşdırılır. Əgər belə getsə, daha intensiv atəşlərə keçə bilərlər. Müharibənin ən pik nöqtəsində nüvə silahından istifadə edilməsi variant kimi görünmür. Tərəflər buna qarşıdır”.
Ekspert qeyd edib ki, bu, Hindistanla Pakistan arasında birinci yox, beşinci müharibədir. Onun sözlərinə görə, hətta bugünkü hadisələrdən daha ciddi hadisələr baş verib, amma heç vaxt genişmiqyaslı müharibəyə çatmayıb:
“Bu atışmaların da genişmiqyaslı müharibəyə çevilməyəcəyi proqnozlaşdırılır. Atəşə Hindistan tərəfi başladı, Pakistan buna cavabsız qala bilməzdi. Hesab edirəm ki, bu hadisədən sonra intensivlik bir qədər aşağı düşəcək. Tərəflərdən hər biri istədiyinə müəyyən qədər nail olub və beynəlxalq aləm artıq müharibənin inkişaf etməsinin qarşısını almağın zəruliliyi haqqında düşünəcək”.
Ə. İbrahimov münaqişə daha da genişlənərsə, Azərbaycanın hər zamankı kimi yenə də Pakistanın yanında olacağını istisna etməyib:
“Azərbaycan Pakistanın əvvəllər göstərdiyi yaxşılığın əvəzini vermək üçün şans qazanır. Pakistanın ehtiyacı olmasa da, Azərbaycan öz hərbi yardımını da təklif edəcək. Bildiyimiz kimi, Ermənistan da Hindistanla ciddi münasibətlərə malikdir və müəyyən formada Hindistana yardım etməyə çalışacaq. Yenə də qlobal güclərin əsas məqsədi bu münaqişənin inkişaf etməməsidir. Hər ikisi nüvə arsenalına sahib ölkədir. Hər nə qədər nüvə silahından istifadə etməməyə söz versələr də, müharibə zamanı hər şey ola bilər. Vəziyyətin nəzarətdən çıxmaması üçün böyük güclər vasitəçilik missiyasını işə salmalıdır”.
Qeyd edək ki, Hindistan və Pakistan arasında illərdir davam edən gərginlik gecə saatlarında baş verən toqquşmalarla pik həddə çatıb. Aprelin 22-dən iki ölkənin qarşılıqlı bəyanatları ilə artan gərginlik, nəhayət, açıq toqquşmaya çevrilib.
Hindistan ordusunun Kəşmirin Pakistanın tərkibində olan hissəsindəki hədəflərə qarşı başlatdığı hərbi əməliyyata qarşı tərəf sərt cavab verib. Pakistan Hindistanın 5 qırıcı təyyarəsini, sərhəddəki briqada qərargahını və digər hərbi obyektlərini məhv edib.
Pakistan hücumlar zamanı 26 nəfərin həyatını itirdiyini, 46 nəfərin də yaralandığını açıqlayıb. Mayın 7-də gecə Hindistan ordusu Pakistanın nəzarətində olan Kəşmir bölgəsində yerləşən Kotli, Bahavalpur və Müzəffərabad şəhərlərinə raket zərbələri endirib. Hazırkı vəziyyətdə beynəlxalq ictimaiyyətin diqqəti Cənubi Asiyaya yönəlib.
Qiymət Mahir
tag: Əlimusa İbrahimov,Politoloq,Pakistan,Hindistan,Todaypress.az,
