Hindistan-Ermənistan “alış-verişi” : Papikyanın səfərini Zəngəzur dəhlizi ilə nə bağlayır? – FAKTLAR AÇILDI

Təhlil

08.02.2025 17:20

1074

“Ermənistan siyasi rəhbərliyi xarici qüvvələrin maraqlarının icraçı mexanizmidir”. 

Politoloq Rizvan Hüseynov bunu Ermənistanın müdafiə naziri Suren Papikyanın Hindistana səfərini TodayPress-ə şərh edərkən deyib. 

O qeyd edib ki, Hindistanın marağı Ermənistanı Azərbaycan-Gürcüstan-Türkiyə işbirliyinə qarşı gücləndirmək və Çinin Zəngəzurdan keçməli olan Orta Dəhliz layihəsinin qarşısını almaqdır: 

“Hindistanın marağı həm də Azərbaycanın hərbi müttəfiqi Pakistana qarşı fəaliyyət göstərməkdir. Hətta Ermənistanı bu oyunda xərcləmək üçün ona pulsuz silah-sursat da verir. Ümid edirəm ki, son 4-5 ildə darmadağın olan Ermənistan hakimiyyəti bu oyunların ona baha başa gəldiyini anlayar. 30 ilə yaxın müttəfiqi Rusiya Ermənistanı silahlandırırdı. 44 günlük müharibə və sonrakı hadisələr də Ermənistanı həm Rusiya, həm də Fransanın xərclədiyini göstərdi. Ermənistan Tramp hakimiyyəti üçün də maraqlı deyil. Guya İran da Ermənistana dəstək verirdi. Azərbaycan sərhədinə ordu yeridir, təlimlər keçirdi. Deyirdi ki, Zəngəzur məsələsinin həllinə icazə verməyəcəm”. 

Rizvan Hüseynovun sözlərinə görə, Hindistanın marağı regionumuzda gerçəkləşən nəqliyyat, tranzit, logistik layihələrə zərbə vurmaqdır. Analitik hətta Hindistanın fəaliyyətini bir növ Fransanın uğursuz fəaliyyətinə bənzədib: 

“Hindistan İranla birgə layihə işləyəcəyinə ümid edirdi. Ermənistanı da buna cəlb edib Çabahar limanında böyük terminal tikirdilər. Ermənistan ABŞ-nin təzyiqi ilə bu layihədən çıxdı. İtirən isə Hindistan oldu və istədiyini edə bilmədi”. 

Politoloq hesab edir ki, Hindistan Azərbaycanla daha geniş münasibətlər qurmaqda maraqlıdır. Bu oyunda da Ermənsitandan təzyiq mexanizmi kimi istifadə edir:   

“Rusiya, Fransa, ABŞ də bu yolla gedib və heç bir nailiyyət əldə etməyiblər. Ona görə də Hindistan itirəcək və ən böyük zərbəni isə yenə Ermənistan alacaq”.

Qeyd edək ki, fevralın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfərə gedib. Səfərlə bağlı təfərrüatlar açıqlanmayıb. 

Qiymət Mahir

tag: Hindistan,Səfər,Ermənistan,Müdafiə,Zəngəzur dəhlizi,Politoloq,Rizvan Hüseynov,Todaypress.az,

photo