“Hər şey Trampın istəyi ilə deyil, konqresin rizası ilə həll ediləcək” - Mustafa Cəmilev Sülh planından danışdı
Təhlil
23.09.2024 09:30
“Biz 100 faiz əminik ki, işğal sona çatacaq və biz mütləq Krıma dönəcəyik”.
Bunu Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilev TodayPress-ə açıqlamasında bildirib. Kursk əməliyyatından söz açan deputatın fikrincə, bunun faydası, zərərindən daha çoxdur. Onun sözlərinə görə, bununla Rusiyanın dünyanın ikinci güclü ordusu mifi məhv oldu:
“Bunun həm siyasi, həm də stretji tərəfləri var. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatın məqsədi Rusiyanı Donbassdan sərhəd bölgəsinə qoşun yeritməyə məcbur etməkdir. Bundan başqa Ukrayna qoşunlarının və bütövlükdə xalqın mübarizə ruhunu yüksəltmək idi. Bütün dünya bizim bu uğurlu əməliyyatı müsbət dəyərləndirdi”.
ABŞ prezidentliyinə namizəd Donald Trampın “əgər mən hakimiyyətə gələrəmsə Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində həll edərəm” açıqlamasına münasibət bildirən Ukrayna Ali Radasının deputatı dedi ki, hər şey onun istəyi ilə deyil, konqresin rizası ilə həll edilə bilər:
“Əgər Trampın sülh planı torpaqlarımızdan əl çəkməyi ehtiva edirsə, Ukryana hökuməti, Ukrayna xalqı heç vaxt bununla razılaşmayacaq. Hətta ölkə Prezidenti Volodimir Zelenski məsələyə münasibət bildirərkən dedi ki ”Bu cür şərtlərlə sülh anlaşması imzalanacaqsa, mənə bunun üçün 24 saat yox, 1 saat vaxt kifayətdir”. Əminliklə deyə bilərəm ki, Trampın bu sülh təklifi hətta konqres tərəfindən belə qəbul edilməyəcək”.
Edilən maliyyə və hərbi yardımların azlığından, eləcə də gecikməsindən gileylənən Mustafa Cəmilev, Ukrayna ordusunun vaxtında və lazımi silah-sursatla təchiz edilməsinin zəruriliyini vurğuladı.
Töhfə Səməd
tag: Ukrayna ,Zelenski ,Prezident ,Tramp, Ali Rada ,Mustafa Cəmilev, todaypress.az,